Qazinin xatirələri
Müharibənin ağır sınaqlarından keçən qazilərimizin hekayələri həm qəhrəmanlıq, həm də yaddaşımız üçün dəyərli mirasdır.
“İnformator.az”ın bu dəfəki müsahibi 44 günlük müharibə iştirakçısı qazi Vüsət Nuriyev açıqlamasında bildirib ki,işğal olunan torpaqlarda gedən döyüşlər sanki bir film səhnəsi kimi idi:
“Müharibənin başlaması qürurverici hiss idi, çünki 30 illik həsrətə son qoymaq ümidi hər kəsin ürəyində idi. Mənim gözümə düşmən qorxusu və mərmi qorxusu görünmürdü. Qələbənin əsas səbəbi Azərbaycan oğullarının çiyin-çiyinə verib, bir-birini ruhlandırması, güc verməsi olub. Çox sayda əsgərimiz şəhidlik zirvəsinə ucalıb, çox əsgərimiz yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Ali Baş Komandanın da dediyi kimi, biz dəmir yumruq kimi möhkəm olduq. Qələbənin əsas xüsusiyyəti mərd oğullarının bir-birinə ilham verməsi idi.
Müharibənin ən yadda qalan döyüş nöqtəsi mənim üçün Su qovuşan ərazidə keçirilən ağır döyüşlər olub. Həm sevinclə, həm də kədərliə nəticələnib. Qürurverici idi ki, işğal olunan torpaqlar azad edilib, amma kədərlidir ki, çox sayda şəhid və yaralı əsgərlərimiz olub. Özüm də Su qovuşan uğrunda gedən döyüşlərdə oktyabrın 2-si yaralanıb, təxliyə olundum. 44 gün ərzində yaddaşlarda iz qoyan çox şey yaşadım yalnız gələcəyi düşünmək, yalnız qələbə ümidi ilə hərəkət etmək, bir tikə çörəyi üç nəfərə bölüb yemək, yağışın, boranın, dumanın içində günün çıxmasını gözləmək,gecələrin qorxunc səsləri və anidən gələn mərmi səsləri insanın gözünün qabağından getmir.
Mənim yaralanma anım belə olub ki, ərzaq gətirib, əsgərləri yeməyə dəvət etdilər. Mən yeməyi hazırlayarkən düşmən tuşlayıcılarla bizim mövqeni nişan alıb və mərmilər atıb. Hamı döyüş komandası ilə özünü yerə atdı. Mən və komandirim Suqovuşan ərazisində döyüşdə idik, qarşıdakı posta dəstək lazım idi. Komandirlə qabağa gedərkən məni pusquya saldılar və minamyotun valnası məni yerə yıxdı. Təxminən beş saniyə uzandım sonra ayağa qalxanda snayper mənə atəş açdı. Düşmənin atdığı mərmi belimdən daxil olub,qarın nahiyəmdən çıxdı. Yıxıldım və qışqırıq səslərim ətrafı bürüdü. Silahı özümə tutdum əgər əsir götürsələr, özümü qoruyacağımı düşündüm".
Cənab kapitan İsrafilov Kənan məni götürüb, yarama bint bağladı və mənə ürək-dirək verib:
“Qorxma, hər şey yaxşı olacaq”. Xəstəxanada əməliyyatdan sonra xəbər tutdum ki, kapitan İsrafilov Kənan şəhid olub. Allah rəhmət etsin”.
Ədilə Hüseynzadə
