Qazıntılar Qrimsbinin orta əsrlərə aid tarixini üzə çıxarıb
Qrimsbidə aparılan arxeoloji qazıntılar şəhərin 500 ildən çox yaşı olan orta əsr keçmişinə işıq salıb. Freshney Place ərazisində yenidənqurma işləri zamanı mütəxəssislər dəri emalatxanasına aid olduğu ehtimal edilən dəri qalıqları, saxsı qablar, balıq və molyusk sümükləri aşkar ediblər.
York Archaeology-un həyata keçirdiyi qazıntılar göstərir ki, bu ərazi XII əsrdən etibarən balıqçılıq və ticarət limanı kimi inkişaf edən Qrimsbinin mərkəzində yerləşib. Mütəxəssislərin fikrincə, aşkar olunan dəri emalatxanası vaxtilə sıx bazar mühitinin əhatəsində fəaliyyət göstərib.
Şimal-Şərqi Linkolnşir Şurası tapıntıların şəhərin tarixini daha aydın göstərdiyini bildirib və gələcəkdə onların ictimaiyyətə nümayiş etdiriləcəyini açıqlayıb. Qazıntılar həmçinin dənizə yaxınlıq səbəbindən balıq və dəniz məhsullarının orta əsr sakinlərinin əsas qidası olduğunu da təsdiqləyir.
Qeyd edək ki, qazıntılar 2025-ci ilin oktyabrından etibarən daşqınların qarşısının alınması layihəsi çərçivəsində aparılır və ərazinin rütubətli olması üzvi materialların yaxşı qorunmasına şərait yaradıb.
BBC
Reyhan Quliyeva
