Qeyri-neft gəlirlərin payı cari illə müqayisədə 5% bənd artaraq 63%-ə çatacaq
"2029-cu ildə Azərbaycanda qeyri-neft-qaz gəlirlərinin icmal büdcəsindəki payının 69-70%-ə çatdırılması hədəflənir".
"İnformator.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında ikinci oxunuşda müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı çıxışı zamanı Maliyyə naziri Sahil Babayev deyib.
O qeyd edib ki, Azərbaycan iqtisadiyyatının, eyni zamanda Azərbaycan büdcəsinin neft-qazdan asılılığını minimuma endirməliyik və qeyri-neft-qaz sektorunun inkişafına xüsusi dəstək verməliyik: “2026-cı il və növbəti üç il üzrə hazırladığımız xərclər çərçivəsinin və büdcə zərfinin ana parametrlərindən biridir.
Gələn il icmal büdcədə Azərbaycanda qeyri-neft gəlirlərin payı cari illə müqayisədə 5% bənd artaraq 63%-ə çatacaq. Növbəti il icmal büdcəsi 1/3-ni qeyri-neft-qaz sektorunun hesabına təmin edəcək. Bu tendensiya davam edəcək. 2029-cu il üçün proqnoz xərclər çərçivəsi daxilində həmin rəqəmin 69-70%-ə çatdırılması nəzərdə tutulub”.
