Qeyri-neft sektorunda əsas dövlət ixracatçılarının göstəriciləri azalıb
Bu ilin yanvar–noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərinin göstəricilərində azalma müşahidə olunub.
Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki,institusional problemlər qeyri-neft sektorunun rəqabət qabiliyyətini zəiflədir:
“Ümumilikdə isə Azərbaycanda gəlir gətirən sektorda təkcə dövlət müəssisələrində və ya dövlətə məxsus ixracatda deyil, ümumən bütün gəlir gətirən sahələr üzrə azalma tendensiyasının müşahidə olunması qaçılmazdır. Bunun əsas səbəblərindən biri ölkədə uzun illərdir mövcud olan Holland xəstəliyidir. Bu fenomen gəlir gətirən sektorun zəifləməsinə və struktur baxımından geriləməsinə səbəb olur.İkinci mühüm amil isə Holland xəstəliyini daha da dərinləşdirən Mərkəzi Bankın fiksasiya olunmuş məzənnə rejimi siyasətidir. Bu monetar siyasət istehsalın, xüsusilə də gəlir gətirən sektorun dirçəldilməsi və sağlam şəkildə formalaşması üçün əlverişli mühit yaratmır.Digər bir səbəb ölkədə məmur təsirinin və institusional problemlərin davam etməsidir".
Ekspertin sözlərinə görə gəlir gətirən sektorda fəaliyyət göstərən müəssisələr bir tərəfdən müəyyən dövlət qurumlarının təzyiqləri ilə üzləşir, digər tərəfdən isə bəzi məmur maraqlarına uyğun olmayan ehtiyacların qarşılanmasında məhdudiyyətlərlə rastlaşır:
“Belə bir şəraitdə isə rəqabətqabiliyyətli və dayanıqlı gəlir gətirən sektorun formalaşması olduqca çətinləşir.Məlumdur ki, son illərdə ölkədə daxili istehsalın genişlənməsi və bəzi sahələrin inkişafına baxmayaraq, qeyri-neft sektorunda ixrac artımı olduqca zəif olub. Hətta bəzi illərdə ixracda cüzi artımlar müşahidə edilsə də, eyni dövrdə həmin sektor üzrə idxalın daha sürətlə artması diqqət çəkir.Bu tendensiya onu göstərir ki, yerli istehsal idxalı əvəzləmək gücündə deyil və nəticədə qeyri-neft sektorunda rəqabət qabiliyyəti zəifləyir. Başqa sözlə, ixracda zəif artımlar və ya azalmalar fonunda idxalın daha böyük həcmdə artması iqtisadi tarazlığın pozulduğunu göstərir.Bu baxımdan əsas problem ixracın strukturunda deyil, idxaldan asılılığın yüksək səviyyədə qalmasındadır. Xüsusilə qeyri-neft sektorunda idxalı sıxışdıran və ixracı stimullaşdıran mexanizmlərin kifayət qədər effektiv olmaması mövcud vəziyyəti daha da dərinləşdirir”.
Fidan Alışova
