“Qeyri-neft sektorunun güclənməsi neftdən asılılığı azaldır”
Asiya İnkişaf Bankı (ADB) 2025-ci ildə Azərbaycan iqtisadiyyatına dair yeni proqnoz açıqlayıb. Bankın rəsmi hesabatına görə, gələn il ölkə iqtisadiyyatında 2,4 %-lik artım gözlənilir. Artımın əsas səbəbləri sırasında qeyri-neft sektorunun inkişafı, regional iqtisadi sabitlik və xarici tələbin artması göstərilir.
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, bu rəqəm Azərbaycan üçün mühüm siqnal hesab oluna bilər:
“2,4 %-lik artım çox yüksək göstərici deyil, amma iqtisadi sabitlik baxımından vacibdir. İnflyasiya, büdcə kəsiri və valyuta ehtiyatları fonunda müsbət dinamikanın qorunması hökumətə sosial layihələri və yeni proqramları planlamaq imkanı yaradır. Bu həm də regional və qlobal risklərin təsirini qismən yumşaldır. Qeyd etmək lazımdır ki, iqtisadi şaxələnmə siyasəti nəticəsində bu artımın əsas hərəkətverici qüvvəsi məhz qeyri-neft sektorudur. Kənd təsərrüfatı, sənaye, logistika, turizm və xidmət sahələrində müşahidə olunan inkişaf iqtisadiyyatın dayanıqlılığını artırır. Qeyri-neft sektorunun güclənməsi neftdən asılılığı azaldır. Bu isə daha uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir. Digər tərəfdən regionlarda məşğulluq imkanlarının genişlənməsi sosial sabitlik üçün də önəmlidir. Bu sahələrdə rəqabət qabiliyyətinin artması həm daxili bazarı, həm də ixrac imkanlarını gücləndirir. Bu proqnoz xarici investorlar üçün də mühüm göstəricidir. Xarici sərmayədarlar ölkələrin artım templərinə və sabitlik səviyyəsinə diqqət yetirirlər. 2,4 %-lik artım, xüsusilə qeyri-neft sahələrinin genişlənməsi, yeni investisiya imkanlarının mövcudluğunu göstərir. Bərpa olunan enerji, kənd təsərrüfatı, texnologiya və logistika kimi sahələrdə Azərbaycana maraq arta bilər. Amma bunun üçün hökumət islahatları davam etdirməli, biznes mühitini daha şəffaf və rəqabətqabiliyyətli etməlidir. Əgər bu addımlar atılarsa, ADB-nin proqnozlaşdırdığı artım gələcək illərdə daha da yüksələ bilər. İqtisadi artımın davamlı olması həm dövlət, həm də özəl sektorun fəaliyyətindən asılıdır. Dövlət investisiya layihələri ilə bazarı stimullaşdırmalı, özəl sektor isə innovasiya və istehsala yönəlməlidir. Ən əsası, 2,4 %-lik artımı başlanğıc mərhələ kimi görmək lazımdır. Qarşıdakı illərdə qeyri-neft ixracının artırılması, regional infrastruktur layihələrinin genişləndirilməsi və xarici tərəfdaşlarla əməkdaşlıq bu artımı daha sabit və dayanıqlı edə bilər”.
Ayşə Müzəfərli
