00:00:00
Yazar
Bəsti Nəsibova
28.11.2026 20:23 81 2 dəq oxuma
Gündəm

QHT sədri Ankarada “Qarabağ Zəfəri Günü”nə həsr olunmuş tədbirdə iştirak edib

 

QHT sədri Ankarada “Qarabağ Zəfəri Günü”nə həsr olunmuş tədbirdə iştirak edib

Türkiyənin paytaxtı Ankara şəhərində Hacı Bayram Vəli Universitetinin ev sahibliyi ilə “Qarabağ Zəfəri Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, akademiklər, tələbələr və müxtəlif təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbirdə iştirak edən " Ahıllara və Tənhalara" Dəstək  sədri Ruhiyyə Məmmədova  Qarabağ Zəfərinin sevincini qardaş Türkiyənin ziyalıları, gəncləri və digər iştirakçılarla bölüşməkdən məmnunluq duyduğunu bildirib.

Çıxışlarda Qarabağ Zəfərinin yalnız hərbi-siyasi qələbə deyil, həm də tarixi ədalətin bərpası olduğu vurğulanıb. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında şəhidlərin və qazilərin misilsiz fədakarlıqları dərin ehtiramla yad edilib.

Tədbirin diqqətçəkən məqamlarından biri Qarabağ Universitetinin direktoru Şahin Bayramovun və universitet əməkdaşlarının iştirakı olub. Onların çıxışlarında Qarabağın elmi, mədəni və təhsil həyatının dirçəlişi, regionun gələcək inkişaf perspektivləri və yeni quruculuq mərhələsi barədə fikirlər səsləndirilib.

Tədbirin bədii hissəsində isə Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” mədəniyyət dərnəyinin rəhbəri Kəmalə Cabbarovanın təqdim etdiyi tamaşa iştirakçılara təsirli anlar yaşadıb. Tamaşada Xocalı faciəsi, xalqımızın yaşadığı ağrı-acılar və tarixi yaddaşın qorunmasının əhəmiyyəti bir daha diqqətə çatdırılıb.

Xocalı faciəsinin yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının və bəşəriyyətin yaddaşında dərin iz buraxan bir faciə olduğu vurğulanıb. Qarabağ Zəfəri isə xalqımızın iradəsinin, birliyinin və tarixi ədalət uğrunda mübarizəsinin təntənəsi kimi qeyd olunub.

“Xarıbülbül” mədəniyyət dərnəyinin fəaliyyəti Azərbaycan mədəniyyətinin, musiqisinin və tarixi yaddaşının Türkiyədə təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Qarabağ Zəfərinin sevincinin paylaşılması, elm xadimlərinin fikirlərinin dinlənilməsi və Xocalı faciəsinin bədii təqdimat vasitəsilə xatırlanması “İki dövlət, bir millət, tək ürək” fəlsəfəsinin təcəssümü olub. Bu cür tədbirlər Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsinə, xalqlar arasında dostluq və həmrəyliyin inkişafına xidmət edir.

#baki #qht #edib #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər