Xəbərlə başlayan yolun səkkiz ili - “ARB 24” 8 yaşını qeyd edir
“ARB 24” telekanalının ümumrespublika yayımına başlamasından 8 il ötür.
“İnformator.az” xəbər verir ki, 2017-ci il dekabrın 28-də Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə keçirilən müsabiqənin nəticələrinə əsasən, “ARB 24”ə müddətsiz lisenziya verilib.
Telekanal 2018-ci il noyabrın 27-də Azərbaycanın ilk biznes-xəbər kanalı kimi ixtisaslaşmış xəbər kanalı formatında ümumrespublika yayımına başlayıb. Fəaliyyət göstərdiyi müddətdə informasiya məkanında öz auditoriyasını formalaşdıran “ARB 24” ölkədə və dünyada iqtisadiyyat, maliyyə və biznes sahələrində baş verən yenilikləri tamaşaçılarına çatdırır.
Telekanal 24 saat ərzində xəbər buraxılışları, analitik informasiya proqramları və ictimai-siyasi mövzularda sənədli filmlər təqdim edir. “ARB 24” Deutsche Welle, Associated Press, Anadolu Ajansı, China Media Group, Ala-Too-24 və Viory kimi beynəlxalq televiziya kanalları və informasiya agentlikləri ilə əməkdaşlıq edir.

Bununla yanaşı, “ARB 24” telekanalı Bakı Dövlət Universiteti (BDU) ilə “NewsLab” təlim proqramı çərçivəsində əməkdaşlıq edir.
