Qida sənayesində kimyəvi əlavələr: sağlamlıq üçün hansı riskləri var?
Qida sənayesində məhsulların dadını, rəngini və saxlama müddətini artırmaq üçün müxtəlif kimyəvi əlavələrdən geniş istifadə olunur.
Mövzu ilə bağlı qida eksperti Asim Vəliyev "İnformator.az"a açıqlama verib. O bildirib ki, tərkibdə tələffüzü çətin olan çoxsaylı kimyəvi maddələr varsa, həmin məhsuldan uzaq durmaq tövsiyə olunur:
"Qida əlavələri, yəni qatqı maddələri uzun müddətdir qida sənayesində geniş istifadə olunur. Əksəriyyəti E kodu ilə tanınır. Qida sənayesində istifadə edilən kimyəvi qatqı maddələri əsasən hazır və paketli qidalar vasitəsilə gündəlik mətbəximizə daxil olur. Market rəflərində rəf ömrünü uzadan, dadını yaxşılaşdıran, rəngini qoruyan və stabilləşdirici xüsusiyyətə malik müxtəlif qatqılarla zəngin məhsullar yer alır. Normativ qaydalara əsasən, bu maddələr qidalara müəyyən limit daxilində və təhlükəsiz dozada əlavə olunur. Bütün qatqı maddələri eyni dərəcədə təhlükəli deyil. Lakin onların uzunmüddətli istifadəsi sağlamlıq üçün müəyyən risklər yarada bilər. İşlənmiş qidaların gündəlik qəbulu zamanı orqanizm yad maddələri xaric etmək üçün daha çox enerji sərf edir. Bu proses uzun illər davam etdikdə həzm sistemində faydalı bakteriyaların azalmasına, allergik reaksiyaların artmasına və metabolik pozuntulara səbəb ola bilər".
Ekspert bildirib ki, qida əlavələrinin təhlükəsizliyi beynəlxalq qurumlar vasitəsilə yoxlanılır və hər bir maddə üçün gündəlik qəbul norması müəyyən edilir:
"Nəzərə almaq lazımdır ki, gün ərzində yalnız bir növ qida qəbul edilmir. Müxtəlif məhsullarla birlikdə bu qatqılar orqanizmə daxil olur və nəticədə təhlükəsiz limit asanlıqla keçilə bilər. Bəzi qatqı maddələri digərlərinə nisbətən daha yüksək risk daşıyır. Məsələn, E249–E252 arası qatqılar əsasən kolbasa və sosis məhsullarında rəngi qorumaq üçün istifadə olunur və mədədə digər maddələrlə reaksiyaya girərək kanserogen təsir göstərə bilər. E621 kimi tanınan mononatrium qlutamat isə dadlandırıcı kimi istifadə olunur və insanı daha çox qida qəbul etməyə sövq edərək piylənmə riskini artırır. Süni rəngləndiricilər xüsusilə, parlaq sarı, qırmızı və göy rənglər əksər hallarda təbii olmur və uşaqlarda hiperaktivliyə səbəb ola bilər".
Müsahib vurğulayıb ki, sağlamlığı qorumaq üçün ən sadə və effektiv addımlardan biri məhsul etiketlərini oxumaq vərdişidir:
" Məhsulun tərkib siyahısı nə qədər uzundursa, onun təbiilikdən bir o qədər uzaq olduğunu demək olar. Əgər tərkibdə tələffüzü çətin olan çoxsaylı kimyəvi maddələr varsa, həmin məhsuldan uzaq durmaq tövsiyə olunur. Mümkün qədər təbii qidalara üstünlük verilməlidir. Meyvə və tərəvəzləri mövsümündə istehlak etmək, hazır şirələr əvəzinə meyvənin özünü yemək daha faydalıdır. Evdə hazırlanan qidalar daha təhlükəsiz hesab olunur. Hazır souslar yerinə sirkə, limon və zeytun yağı kimi alternativlərdən istifadə etməklə qidalanmada kimyəvi yükü azaltmaq mümkündür. Unutmaq olmaz ki, qida sənayesi üçün məhsulun rəf ömrü önəmlidir. Lakin bizim üçün əsas olan öz həyatımızı sağlam şəkildə davam etdirməkdir".
Səmayə Səftərova