00:00:00
Yazar
Admin User
26.11.2025 18:33 144 2 dəq oxuma
Sosial

Qidalanma rejimi ilə bağlı yeni tövsiyələr

Qidalanma rejimi ilə bağlı yeni tövsiyələr

Ekspertlər gün ərzində yemək saatlarının nizamlı olmasının vacib olduğunu bildirirlər. Səhər, nahar və axşam yeməkləri arasında uyğun zaman aralığının saxlanması enerji balansına və həzm prosesinə müsbət təsir göstərir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında həkim-diyetoloq, AQTİ eksperti Tutu Zeynalova bildirib ki,yemək saatları mövzusunda müxtəlif fikirlər olsa da, əvvəllər tez-tez və az-az yeməyin faydalı olduğu düşünülürdüsə, indi əksinə, yeməklər arasında fasilənin uzun olmasının daha faydalı olduğu qeyd olunur:

 

"Ancaq burada əsas məqam insanın həyat tərzi, iş rejimi, sağlamlıq vəziyyəti və gündəlik enerji, makro və mikronutriyent tələbatının nəzərə alınmasıdır.

 

Səhər yeməyi arzuolunandır, lakin bu, səhər saat 7-8-də olmalıdır fikri doğru deyil. Hər kəsin gündəlik rejiminə və oyanma saatına uyğun qidalanması vacibdir. Məsələn, gecə növbəsində işləyən şəxsin yemək saatları ilə səhər 6-da duran şəxsin yemək saatları fərqli olmalıdır. Kim səhər 10-da oyanırsa, onun səhər yeməyi də uyğun olaraq 10-da və ya bir az sonra olacaq.

 

Yeməklər arasında ideal fasilə 4 saat olaraq tövsiyə edilir. Məsələn, səhər yeməyi saat 10:00-da, günorta 14:00-15:00 arası, axşam isə 18:00-19:00 arası ola bilər. Əgər insan normal gündəlik rejimə sahibdirsə, yəni gecə növbəsində çalışmırsa, axşam yeməyini 20:00-a qədər yekunlaşdırmaq tövsiyə olunur.

 

Əsas diqqət yetirilməli olan digər bir məqam isə qidanın tərkibidir: zülal, yağ və karbohidrat balansı düzgün olmalıdır ki, orqanizm gündəlik ehtiyaclarını qarşılasın. Sadəcə saatında yemək kifayət deyil, qəbul edilən qidanın keyfiyyəti və tərkibi də vacibdir".

 

Mövzu ilə bağlı Milli Aviasiya Akademiyasının tələbəsi Zəka Yusifov isə bildirib ki, adətən nahar və axşam yeməyi arasında təxminən 6–7 saat fərq saxlayır:

 

"Gün ərzində yemək saatlarının stabil olması mənim üçün vacibdir, çünki belə olanda həm özümü daha yüngül hiss edirəm, həm də həzm prosesim daha rahat işləyir.

 

Naharımı çox vaxt günorta saatlarında yeyirəm və çalışıram ki, bundan sonra qəlyanaltını da düzgün vaxtda edim ki, çox ac qalmayım. Axşam yeməyini isə adətən daha yüngül seçirəm və gec saatlara qalmamağa çalışıram. Saat rejiminə riayət etmək məndə həm enerji səviyyəsini balanslaşdırır, həm də gündəlik rejimimi daha nizamlı edir.

 

Ümumilikdə, özüm üçün uyğun olan belə ardıcıllığa öyrənmişəm və düşünürəm ki, bu cür saat fərqi mənə ən komfortlu şəkildə qidalanmağa kömək edir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər