Qidalanma və əhval-ruhiyyə
Son tədqiqatlar göstərir ki, qidalanma yalnız fiziki sağlamlığımıza deyil, həm də əhval-ruhiyyəmizə ciddi təsir göstərir. Xüsusilə şəkər, işlənmiş qidalar və vitamin çatışmazlığı depressiya və əsəbilik kimi psixoloji halları gücləndirə bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib ki, düzgün qidalanma insanın psixoloji və emosional vəziyyətinə birbaşa təsir edir:
"Gündəlik qidalanma vərdişləri insanın əhval-ruhiyyəsinə birbaşa təsir göstərir və onun psixoloji, emosional vəziyyətini formalaşdırır. Elə günə necə başlanması məsələsi də buradan qaynaqlanır. Çünki gündəlik qidalanmanın içərisində elə vərdişlər var ki, insan özünü eyni zamanda psixoloji olaraq onlardan asılı vəziyyətə salır. Yəni bu, psixik immunitetinə birbaşa təsir edir. "Yox, yemək yeməmişəm, özümü yaxşı hiss etmirəm, ona görə də heç bir işin öhdəsindən gələ bilməyəcəyəm" kimi düşüncələr beyində artıq şüuraltı proqramlar formalaşdırır. Digər tərəfdən, elə qidalar var ki, insanlarda stress, əsəbilik və depressiya hallarını artırır və ya azaldır.
Depressiyanın müəyyən təsirləri var ki, insan nəsə yeyir, lakin bununla bağlı öz-özünə təsir etməyə başlayır: "yenə özümü saxlaya bilmədim, sən yedin, indi kökələcəksən, bu yaxınlarda toy olacaq, sən o toya gedəcəksən". Bu cür düşüncələrlə özünü stressə saldığı halda, təbiidir ki, qəbul etdiyi qidanın mərkəzi sinir sisteminə təsiri daha da güclənir, yəni qıcıqlanmalar yaranır. Bu qıcıqlar da bəzən gün ərzində idarəolunmaz hala gəlir və nəticədə ailədaxili söz-söhbətlər yaranır. Uşaqlarda və yeniyetmələrdə düzgün qidalanma məsələsi isə əsasən yeniyetməlik dövründə hormonlarda gedən dəyişikliklər fonunda ya iştahanın azalması, ya da həddindən artıq artması ilə özünü göstərir. Elə yeniyetmələr var ki, çox yemələrinə baxmayaraq, arıqlayır, boy artımı zəif olur və istənilən fiziki nəticə əldə edilmir. Cəmiyyətdə isə bu yeniyetmələrə "kök alma" və ya kök vermə" kimi yanaşmalar olur. Yəni burada müəyyən psixoloji məqamlar özünü göstərir. Yeniyetmələr düzgün və ya düzgün olmayan qidalanma ilə özlərini psixoloji olaraq rahatlaşdırmağa çalışırlar. Buna görə də valideynlərlə söhbət zamanı, xüsusilə yeniyetmə övladlarını gətirdikdə belə suallar səsləndirirlər: "Bu onun böyüyən vaxtıdır, inkişaf dövrüdür, sabah hansı xəstəliklər ortaya çıxa bilər?"
Hətta elə qorxular yaradılır ki, gələcəkdə onların analıq və ya ailə həyatı necə olacaq. Bir müddət sonra görürük ki, xüsusilə kişi yeniyetmələrdə valideynlərin bu cür fikirləri dilə gətirməsi uşaqlarda depressiyaya səbəb olur və artıq həyatla bağlı müəyyən qorxular, asılılıqlar yaranır. "Sabah ailə quranda problem yaşayacağam" düşüncəsi formalaşır. Çünki deyilir ki, "sən səhər yemək yemirsən" və ya "həddindən artıq yeyirsən". Bu cür psixoloji travmalar, təbiidir ki, uşaqların inkişafına çox mənfi təsir göstərir. Ona görə də qidalanma insan həyatında ilk növbədə emosional aclığın qarşılanmasında mühüm rol oynayır. Qida, geyim və əşyalarla münasibət insanın psixoloji, eyni zamanda bioloji inkişafının müəyyən mərhələlərini daha sağlam şəkildə keçməsinə kömək edir. Buna görə də bu məsələyə daha çox diqqət yetirilməlidir. Ruh halımıza təsir edən mexanizmlər də mövcuddur. İnsan hətta sevdiyi yeməkdən danışarkən belə üzündə təbəssüm yaranır, gözləri gülür və bu, birbaşa əhval-ruhiyyəyə təsir edir. Bu gün sevdiyin bir yeməyi yemək belə insana xoşbəxtlik hissi bəxş edə bilər. Məsələn, evdə bəzən oğlum deyir ki, "mən yemək yeyəndə xoşbəxt oluram". Ona görə də, gecənin hansı saatı olursa-olsun, istədiyi bir şey olanda, mən özüm də xoşbəxt oluram ki, şükür, oğlum sağlamdır".

Arzu Poladova
