Qırğızıstan regional nəqliyyat-logistika qovşağına çevrilməyi hədəfləyir
Mərkəzi Asiyanın strateji nöqtəsində yerləşən Qırğızıstan dənizə çıxışının olmamasını birbaşa tranzit üstünlüyünə çevirmək niyyətindədir. Ölkə, xüsusilə "Çin-Qırğızıstan-Özbəkistan" dəmir yolu layihəsi və infrastrukturun yenilənməsi ilə Şərqlə Qərb arasında yükdaşımaların əsas halqası olmağı və regional ticarət qovşağına çevrilməyi planlaşdırır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Qırğızıstanda dəmir yolu infrastrukturunun qurulması ölkə iqtisadiyyatına ilk növbədə nəqliyyat xərclərinin azaldılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və tranzit gəlirlərinin artırılması baxımından fayda verə bilər:
"Xüsusilə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi Qırğızıstanın regional nəqliyyat qovşağına çevrilməsi üçün imkanlar yaradır. Bu xətt vasitəsilə Çindən Mərkəzi Asiyaya və daha sonra digər regionlara yüklərin daşınması asanlaşa, ölkəyə əlavə tranzit gəlirləri daxil ola bilər. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının, sənaye mallarının və xammalın daşınması üçün yeni imkanlar yaranar, logistika mərkəzlərinin, anbarların və emal müəssisələrinin inkişafı sürətlənə bilər. Bu faydaların real iqtisadi nəticəyə çevrilməsi üçün təkcə dəmir yolu tikmək kifayət deyil. Sərhəd keçid məntəqələrinin imkanları genişləndirilməli, logistika xidmətləri inkişaf etdirilməli və yerli istehsalın ixrac potensialı artırılmalıdır. Layihənin maliyyələşdirilməsi Qırğızıstan üçün həm yeni iqtisadi imkanlar, həm də müəyyən risklər yaradır. Dəmir yolu böyük həcmdə investisiya tələb etdiyindən kreditlərin qaytarılması, dövlət büdcəsinə düşən yük və layihənin özünü nə qədər müddətə doğruldacağı mühüm məsələlərdir. Əgər yükdaşımaların həcmi proqnozlaşdırılandan aşağı olarsa və tranzit gəlirləri xərcləri ödəməzsə, bu, ölkənin maliyyə vəziyyətinə əlavə təzyiq göstərə bilər. Digər tərəfdən, maliyyələşmə şərtləri əlverişli olarsa, layihə uzunmüddətli iqtisadi artıma, yeni iş yerlərinin yaranmasına və xarici investisiyaların cəlbinə töhfə verə bilər. Buna görə də Qırğızıstan üçün əsas məsələ yalnız maliyyə vəsaitini cəlb etmək deyil, borc öhdəliklərini, gələcək gəlirləri, tikinti xərclərini və istismar məsrəflərini nəzərə alan şəffaf iqtisadi model qurmaqdır. Müqavilələrin şərtləri, tərəflərin məsuliyyəti və gəlirlərin bölüşdürülməsi də aydın olmalıdır".
Akif Nəsirlinin sözlərinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiya nəqliyyat dəhlizlərinin tam inteqrasiyası üçün ölkələr arasında tarif, gömrük və tranzit prosedurlarının uyğunlaşdırılması vacibdir:
"Hazırda müxtəlif ölkələrdə fərqli tariflərin, sənədləşmə qaydalarının və sərhəd yoxlamalarının tətbiqi daşımaların müddətini uzada və xərclərini artıra bilər. Bu maneələrin azaldılması üçün vahid elektron tranzit sənədləri sisteminin yaradılması, gömrük məlumatlarının əvvəlcədən mübadiləsi, sərhədlərdə yoxlamaların əlaqələndirilməsi və tariflərin şəffaf şəkildə müəyyənləşdirilməsi lazımdır. Dəmir yolu, avtomobil və dəniz nəqliyyatı arasında yükdaşıma tarifləri və logistika xidmətləri də bir-birini tamamlamalıdır. Bununla belə, vahid tarif siyasəti bütün ölkələrdə qiymətlərin mütləq eyni olması demək deyil. Daha məqsədəuyğun yanaşma ümumi qaydaların müəyyənləşdirilməsi, əlavə ödənişlərin şəffaflığı və rəqabətə əsaslanan tarif mexanizminin yaradılmasıdır. Belə bir sistem yüklərin Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Cənubi Qafqaza, oradan isə Türkiyə və Avropa bazarlarına daha sürətli və proqnozlaşdırılan şəkildə çatdırılmasına kömək edə bilər".

Səkinə Musayeva