Qırışlar qocalıq əlaməti deyil, həyat təcrübəsinin izi kimi qəbul edilə bilər
Müasir cəmiyyətdə gənc görünüşə verilən üstünlük insanların yaşlanma prosesinə münasibətinə təsir göstərir. Lakin mütəxəssislər hesab edirlər ki, üz cizgilərindəki dəyişiklikləri yalnız estetik problem kimi deyil, həyatın təbii mərhələsi kimi qəbul etmək vacibdir.
BBC Future nəşrinin mövzuya həsr olunan materialında bildirilir ki, dəri insan orqanizminin mühüm müdafiə vasitələrindən biridir. Yaş artdıqca kollagenin azalması, dərinin elastikliyini itirməsi, quruluq və qırışların yaranması təbii bioloji proseslərdir. Günəş şüaları və siqaret istifadəsi kimi amillər də bu dəyişikliklərə təsir göstərə bilər.
Məqalədə diqqətə çatdırılır ki, cəmiyyətdə gəncliyin gözəllik meyarı kimi təqdim edilməsi xüsusilə qadınlar üzərində təzyiq yaradır. Yaşla əlaqədar görünüş dəyişiklikləri bəzən onların özünəinamına və sosial münasibətlərinə mənfi təsir göstərir. Bununla belə, bəzi insanlar zaman keçdikcə qırışlarına həyat təcrübəsinin və yaşanmış anların izi kimi yanaşmağa başlayırlar.
Mütəxəssislər qeyd edirlər ki, yaşlanma ilə barışmaq insanın üzündəki hər dəyişikliyi bəyənməsi demək deyil. Əsas məsələ təbii prosesləri qəbul etmək və insanın öz dəyərini yalnız xarici görünüşlə ölçməməsidir.
Dərinin sağlamlığını qorumaq üçün həddindən artıq günəş şüalarından uzaq durmaq, dərini nəmləndirmək, balanslı qidalanmaq və sağlam həyat tərzinə riayət etmək tövsiyə olunur. Eyni zamanda, stressin idarə edilməsi və sosial əlaqələrin qorunması da ümumi rifaha müsbət təsir göstərə bilər.
Məqalədə vurğulanır ki, yaşlanmaya münasibətin dəyişməsi yalnız fərdi yanaşmadan deyil, həm də cəmiyyətin gözəllik və gənclik haqqında formalaşdırdığı təsəvvürlərdən asılıdır. Həyatın hər mərhələsini dəyərli hesab etmək, diqqəti yalnız görünüşə deyil, insanın necə yaşamaq istədiyinə yönəltmək yaşlanma prosesini daha sağlam qəbul etməyə kömək edə bilər.
Fatimə İbrahimova