00:00:00
Yazar
Elmira Ağayeva
08.05.2026 20:26 78 2 dəq oxuma
Sosial

Qısa nömrələrdən gələn zənglərə etibar etmək olar?

 

 

Qısa nömrələrdən gələn zənglərə etibar etmək olar?

Son dövrlər “4848”, “9696” kimi qısa telefon nömrələrindən gələn zənglər vətəndaşlarda ciddi narahatlıq yaradır. Özlərini müxtəlif qurumların əməkdaşı kimi təqdim edən şəxslər insanlardan bank kartı məlumatları, şəxsi kodlar və digər məxfi informasiyaları əldə etməyə çalışırlar.

 

 

Mövzu ilə bağlı “İnformator.az” həm sakinlərin, həm də ekspertin fikirlərini öyrənib.

 

 

Şəhər sakini Xəyalə Əliyeva bildirib ki, naməlum nömrələrdən gələn zənglərə hər zaman cavab vermir:

 

 

“Əvvəlcə nömrəyə baxıram, şübhəli görünəndə cavab vermirəm. İnsanlar şəxsi məlumatlarını paylaşarkən daha diqqətli olmalıdırlar”.

 

 

Aysu Bayramova isə aidiyyəti qurumlar tərəfindən müəyyən maarifləndirmə işlərinin aparıldığını qeyd edib:

 

 

“Amma bu mövzuda daha geniş iş görülməsinə ehtiyac var. Xüsusilə son vaxtlar naməlum nömrələrdən edilən zənglər və internet dələduzluğu halları artdığı üçün insanlar daha çox maarifləndirilməlidir. Məncə, televiziya, sosial şəbəkələr və digər platformalarda tez-tez xəbərdarlıqlar edilməli, vətəndaşlara şəxsi məlumatlarını paylaşmamağın vacibliyi daha aydın şəkildə izah olunmalıdır”.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ekspert Elvin Abbasov qeyd edib ki, qısa nömrələrdən gələn zənglərə hər zaman ehtiyatla yanaşmaq lazımdır:

 

 

“Çünki müasir texnologiyalar dələduzlara zəng edən nömrəni saxtalaşdırmaq (spoofing) imkanı verir. Bu üsul vasitəsilə cinayətkarlar öz nömrələrini rəsmi dövlət qurumu, bank və ya kuryer xidmətinin qısa nömrəsi kimi göstərə bilirlər.

 

 

Kibertəhlükəsizlik baxımından əsas risk nömrənin özü deyil, həmin zəng vasitəsilə həyata keçirilən sosial mühəndislik hücumudur. Dələduzlar insanların etibarını qazanmaq üçün rəsmi nömrələrin nüfuzundan istifadə edir və təcili qərar vermələri üçün süni gərginlik yaradaraq bank kartı məlumatlarını və ya SMS-lə göndərilən təsdiq kodlarını ələ keçirməyə çalışırlar.

 

Şübhəli zənglərlə bağlı vətəndaşlar ilk növbədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Kibertəhlükəsizlik Mərkəzinin 1654 nömrəsinə məlumat verməlidirlər.

 

Əgər zəng zamanı bank məlumatlarınızın oğurlandığından şübhələnirsinizsə, vaxt itirmədən bankın rəsmi qaynar xətti ilə əlaqə saxlayaraq kartı bloklatdırmaq vacibdir. Yadda saxlamaq lazımdır ki, heç bir rəsmi qurum və ya bank telefon vasitəsilə kartın PİN kodunu, CVV nömrəsini və ya mobil tətbiqə giriş şifrəsini tələb etmir. Bu məlumatları istəyən şəxs, zəng hansı nömrədən gəlirsə gəlsin, dələduzdur”.

 

 

Nuray Əliyeva

#Sosial #qısa nömrələr #təhlükəsizlik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər