"Qisas-2" göstərdi ki, hərbi variant gündəmdən düşməyib
İyulun 15-də baş tutan Brüssel görüşü Azərbaycan diplomatiyasının uğuru hesab edilərkən, Ermənistanda vəziyyətin qarışmasına səbəb olub. Avropa İttifaqının birmənalı şəkildə Qarabağı Azərbaycan ərazisi kimi tanıması erməni müxalifətini və Qarabağdakı seperatçı rejimin qəzəbinə səbəb olub. Son olaraq, separatçı rejiminin lideri Araik Arutyunyan beynəlxalq müdaxilə olmayacağı təqdirdə, sərt addımlara əl atacaqları barədə xəbərdarlıq edib. Bu, separatçıların yeni oyunudur, yoxsa Araikin çarəsizliyi?
Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilən sonuncu görüşdə ilk dəfə olaraq Qarabağda etnik erməni əhalinin məskunlaşdığı ərazilərə humanitar yüklərin daşınması istiqamətinin dəyişdirilməsi müzakirə edildi. Belə bir təklif irəli sürüldü ki, Bərdə-Ağdam avtomobil yolu humanitar yüklərin daşınmasında Laçın yolunun alternativi kimi istifadə edilə bilər. Avropa İttifaqı da bu yoldan istifadənin mümkünlüyünü təsdiqlədi. Bununla da, separatçıların Laçın postunu nəzərdə tutan dırnaqarası blokada arqumenti rədd edildi.
Eyni zamanda, görüşdən sonra Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə bağlı proqram hazırladığı ilə bağlı iddialar gündəmə gəldi. İrəvan rəsmiləri sözügedən planın ermənilərin pasportlaşdırılması, Qarabağda bölgədəki separatçıların ləğv olunması və hakimiyyətin tamamilə Azərbaycan hökumətinə verilməsini əhatə etdiyini bildirdilər. Ümumi rəy də ondan ibarətdir ki, rəsmi Bakı 2024-cü ilədək reinteqrasiya prosesini yekunlaşdıra bilər. Bütün bunlar isə ona işarə edir ki, Qarabağda yaşayan ermənilərlə bağlı məsələ artıq praktiki və faktiki olaraq həll olunub.
Siyasi şərhçi Asif Nərimanlı deyir ki, Xankəndindəki separatçı rejim də siyasi və fiziki sonunun çatdığından agahdır. Elə buna görə də, çıxılmaz vəziyyətə düşən separatçılar şantaj kartını işə salıblar. Separatçı-terrorçuların başçısı Araik Arutyunyan beynəlxalq ictimaiyyət qarşısında vaxt qoyub. Deyib ki, bir həftə ərzində stabil vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməsə, rejim ermənilərin yaşadığı Azərbaycan ərazisində, eləcə də ondan kənarda daha sərt tədbirlərə əl atacaq. Araikin çıxışı əslində, təslim olmayacaqlarını əyani şəkildə nümayiş etdirmək məqsədi daşıyır. Eyni zamanda, erməni əhalisinin reinteqrasiya prosesinə süni əngəl yaratmağa hesablanıb.
Siyasi şərhçi Əli Zülfüqaroğlunun sözlərinə görə isə, Araikin davranışları yeni təxribatlardan, eskalasiyaya gedəcəklərindən xəbər verir. Nələrin gözlənildiyinə gəlincə, əvvəlcə Araikin açıqlamasında kənar ərazilər dedikdə haranı nəzərdə tutduğunu aydınlaşdırmaq lazımdır. O, işğaldan azad edilən və hazırda ordumuzun dayandığı əraziləri nəzərdə tutur ki, burada da edə biləcəyi yalnız təxribatlar törətmək ola bilər. Amma separatçılar onu unudurlar ki, bu, Azərbaycana mümkün təxribatların qarşısını almaq məqsədilə separatçıların mövqelərini sıradan çıxarmaq hüququ verir.
Sözsüz ki, rəsmi Bakı Qarabağdakı erməni əhali və separatçılarla bağlı məsələni həll etmək üçün bütün diplomatik-siyasi vasitələrdən istifadə edir. Amma “Qisas-2” əməliyyatı onu göstərir ki, lazım gələrsə, hərbi variant da Azərbaycanın gündəliyindədir.
Jalə
