Qısqanclıq nədir? Sevgi yoxsa Güvənsizlik?
"Münasibətləri kabusa çevirən ifrat qısqanclıq heç kimə heç nə vəd etmədiyi kimi, cütlüklərin sağlamlığına da mənfi təsir göstərir”.
Bu sözləri informator.az-a açıqlamasında psixoloq Lalə Ələkbərova söyləyib. Psixoloqun sözlərinə görə, həddindən artıq qısqanc olan insanın mənlik problemi var.
“Bunu isə onun əvəzinə heç kim həll edə bilməz. Qısaca desək, həyat yoldaşının, sevgilisinin qısqanclığına görə insanın kimlərləsə görüşüb-görüşməməsi, dəbli geyinib-geyinməməsi, müəyyən yerlərə gedib-getməməsi problemi həll etmir. Yəni, qadağalar problemi həll etmir, əksinə qısqanclığın artmasına daha da səbəbiyyət verir”.
Lalə Ələkbərova qeyd edir ki, qısqanclığın kökündə özünə inam əksikliyi durur.
"İnsan özünə və ya bir başqasına həddindən artıq inanması və ya inanmaması arasında heç bir fərq yoxdur. Bu iki ziddiyyətli hal medalın iki üzü kimidir. Hər ikisinin kökündə insanın özünə inam əksikliyi dayanır”.
Psixoloqun sözlərinə görə, şəxs ifrat qısqanclıqda "sənə inanmıram, "sənə inanmaq üçün əsas görmürəm" demək istəyir. Təbii ki, bunu şüuraltı olaraq yansıltmasıdır.
"Həyat yoldaşına qarşı münasibətlərdə tez-tez mühakimə, günahlandırma, alçaltma qəzəb yaradır. Nəticədə isə daxili hisslər güclənir, bir-birlərini tanımaq, özlərini olduğu kimi təqdim etmək əvəzinə "mənim problemimin səbəbi sənsən" deyərək, bir-birlərini günahlandırıb və münaqişələr yaşayırlar”.
Müsahib əlavə edir ki, ifrat qısqanclıq həyat yoldaşınızı, sevdiyinizi sizə bağlamaz, sizə olan sədaqətini və diqqətini artırmaz. Əksinə, özünüzü dəyərsiz göstərməyinizi yansıdırsınız.
"Çəkinmək, qorxu, şübhə kimi hisslər münasibətdə bölüşməyə mane olar. Yəni, ifrat qısqanclıq varsa, artıq burada cütlüklər arasında səmimiyyətin bitməsinə gətirib çıxarır. Çünki mühakimə və günahlandırma ilə qarşılaşan insan nəyisə bölüşməkdən qorxar. Onlar bir-birlərinin yanında özlərini rahat hiss etməzlər. Beləliklə də, bölüşmədikdə yadlaşma başlayır. Yadlaşma da münasibətlərin pozulmasına xidmət edir”.
Lalə Ələkbərova həmçinin deyir ki, ifrat qısqanclığın kökündə də çarəsizlik dayanır.
"Çarəsizliyin də səviyyəsi artdıqca qısqanclığın dərinliyi artır. Qısqanclıq hissinin artması təbii ki ailələrdə zorakılığa təhrik edir, hətta cinayətlərə belə gətirib çıxarır. Hər şeydə olduğu kimi qısqanclıq və zorakılıq çıxış yolu deyil. Əksinə, bu daha çox problem yaradacaq”.
Psixoloq məsləhət görür ki, əgər ifrat dərəcədə qısqanırsızsa və həyat yoldaşınız bu problemi yaşayırsa, vaxt itirmədən mütəxəssisə müraciət etmək daha məqsədə uyğundur.
"Məsələn, bəzi qadınlar həyat yoldaşını işlərinə də qısqanır, çünki düşünürlər ki, evdə olmursa və onlarla vaxt keçirmirsə, demək ki, onları az sevir. Beləcə həyat yoldaşlarını sosial həyatdan uzaqlaşdırmağa çalışırlar”.
Bəs, bu ağlasığmaz qısqanclığı yaradan nədir?
“Mövzunun əvvəlində dediyim kimi özünə inam əksikliyi altında dayanır. Qadınlar da elə düşünür ki, həyat yoldaşları hər dəqiqə onları düşünmürsə, demək onları sevmir və bəzi qadınlar da həyat yoldaşını həddindən artıq qısqanc olmasından əziyyət çəkir. Müəyyən kişilər də öz həyat yoldaşlarının addımlarına nəzarət etmək istəyir. Əgər bir kişi öz həyat yoldaşına inanmırsa və daim ondan sevgisini isbat etməyi tələb edirsə, nə vaxtsa onu özündən uzaqlaşdıracaq”.
Psixoloq düşünür ki, evlilikdə yaşanan bu hallar çox vaxt münasibətlərin bitməsinə səbəb olur.
“Bəzən partnyoru xəyanətlə günahlandırmaq onu münasibətlərə nöqtə qoymağa məcbur edir. Qısqanclıq hissinə nəzarət etmək, sevdiyinizə və ya həyat yoldaşınıza nəzarət etmək demək deyil, hisslərinizin nəzarətini ələ almaqdır. Əsas məsələ tarazlığı qorumaqdır”.
Bəs münasibətdə tarazlığı qorumaq üçün nə etmək lazımdır?
Müsahibimiz belə açıqlayır ki, bunun üçün qısqanclığın mənbəyi, onu yaradan faktorlar, onların sağlam və ya qeyri-sağlam olmasını bilmək vacibdir.
“Əgər, otello sindromundan söhbət gedirsə, "sevgilim, sənə güvənirəm, ətrafa güvənmirəm", deyə şablon fikirlər var. Bu sözlər həyatı və münasibəti irəlidəki dövrlərdə çətinliyə salmasına və getdikcə addım-addım vəziyyətin çətin və aşılmaz bir baryerə gətirib çıxarır”.
Psixoloq deyir ki, Otello sindromu daha çox ikili münasibətlərdə özünü göstərir.
“Birlikdə olduğu insanı hər şeydən və hər kəsdən aşırı dərəcədə qısqanır, ağlına gələn ssenarilər qurub ona inanır, sevgilidən yaxud həyat yoldaşından ayrılmağı fobi halına gətirir. Daha sonra bəsit bir hadisə vəziyyətə qarşı verilən aşırı reaksiyalar, şiddət , saplantılı davranışlar, qısaca desək, qarşısındakını hər şeydən kənar tutması bura aiddir. Eyni zamanda təhrikedici səviyyədə insanı hər şeydən təcrid etmə, məhrum etmələr baş qaldırır”.
Aynur Babayeva
