00:00:00
Yazar
Zəhra Həsənova
19.05.2026 21:37 45 2 dəq oxuma
Maraqlı

Qiyməti balıqdan dəfələrlə ucuz, faydası isə eyni

Qiyməti balıqdan dəfələrlə ucuz, faydası isə eyni

Yay mövsümünün ən faydalı nemətlərindən biri hesab olunan pərpətöyün zəngin tərkibi ilə sağlamlıq üçün əvəzedilməzdir. Tərkibindəki yüksək Omeqa-3 yağ turşularına görə bu bitki çox vaxt "torpağın balığı" kimi xarakterizə olunur.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında qida eksperti Tutu Zeynalova bildirib ki, Pərpətöyün təbii ki, olduqca faydalı bir bitkidir və tərkibində bitki mənşəli omeqa-3 mövcuddur:

 

“Bundan əlavə, A, C və E vitaminləri ilə zəngindir. Yaxşı olar ki, onu çiy şəkildə istifadə edək, çünki bişdikcə antioksidant dəyəri azalır, həmçinin tərkibindəki vitamin və minerallar da itir. Buna görə də onu ən yaxşı halda 3–5 dəqiqə buxarda bişirmək və ya zeytun yağında yüngülcə sot etmək, yəni pörtlətmək tövsiyə olunur. Pərpətöyünün tərkibində kalsium da mövcuddur. Bu səbəbdən oynaqlar üçün də olduqca faydalı hesab edilir. Çiy şəkildə salatlarda istifadə oluna bilər. Həmçinin qatıq və sarımsaqla birlikdə də çox sevilərək istifadə olunur”.

 

Ekspertin sözlərinə görə, liflərlə zəngin olduğu üçün mədə-bağırsaq sistemi üçün də faydalıdır:

 

“Belə ki, bağırsaqlarda yaşayan faydalı bakteriyaların sayını artırır və bağırsaq mikroflorasını dəstəkləyir. Bağırsaq mikroflorası sağlam olduqda isə həm əhval-ruhiyyə yaxşılaşır, həm də bir çox xəstəliklərə tutulma ehtimalı azalır. Yəni dolayısı ilə pərpətöyün orqanizmi xəstəliklərdən qorumağa da kömək edə bilər. Hətta onu donduraraq qış aylarında da istifadə etmək mümkündür. Belə bir imkan varsa, bunu da tövsiyə edərdim ki, insanlar faydalansınlar. Bəzən kokteyl və smuzilərin tərkibinə də əlavə olunur. Bəzi insanlar onu bişirib üzərinə yumurta əlavə edərək yeyirlər. İstədiyiniz formada istifadə edə bilərsiniz. Yeganə diqqət edilməli məqam odur ki, çox bişirilməməlidir. Çünki termik emala nə qədər çox məruz qalarsa, tərkibindəki vitamin və minerallar bir o qədər azalır”.

 

Selcan Xudiyeva

#qiyməti #isə #dəfələrlə #faydası
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər