“Qiymət artımı manatın sabitliyinə dəstək olacaq”
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.25 ABŞ dolları və ya 1.8% artaraq 70.68 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.43 ABŞ dolları idi.
Mövzu ilə bağlı Coğrafiya üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan büdcəsinin gəlirlərinin mühüm hissəsi Dövlət Neft Fondu vasitəsilə neftdən əldə olunan gəlirlər hesabına formalaşır:
“Neftin qiymətindəki 1,25 ABŞ dolları və ya 1,8%-lik artım böyük rəqəm kimi görünməsə də, gündəlik ixrac həcmlərinə tətbiq olunanda əhəmiyyətli məbləğ yaradır. Məsələn, Azərbaycan gündəlik təxminən 0,5–0,6 milyon barel neft ixrac edir. Bu isə o deməkdir ki, cəmi 1 dollarlıq artım gündəlik təxminən yarım milyon ABŞ dolları əlavə gəlir gətirə bilər. Nəticədə dövlətin büdcə gəlirləri artır, sosial proqramların maliyyələşməsi, infrastruktur layihələri və strateji ehtiyatların gücləndirilməsi üçün əlavə imkan yaranır. Azərbaycanın ixracatında neftin payı hələ də çox yüksəkdir. Qiymət artımı neft ixracından əldə olunan ümumi gəlirləri yüksəldir, nəticədə ölkənin ticarət balansı müsbət istiqamətdə dəyişir. Bu, həm də valyuta daxilolmalarını artırır, manatın məzənnəsinin sabitliyinə dəstək olur. Digər tərəfdən, ixracdan gələn əlavə gəlirlər ölkənin beynəlxalq öhdəliklərini qarşılamaqda, xarici borc yükünün idarə edilməsində və strateji valyuta ehtiyatlarının artırılmasında mühüm rol oynayır”.
Ekspert qeyd edib ki, burada vəziyyət bir qədər fərqlidir:
“Azərbaycan daxili yanacaq bazarında qiymətlərin formalaşmasında dünya bazarındakı dalğalanmalar birbaşa təsir göstərmir. Bunun əsas səbəbi yanacaq qiymətlərinin ölkə daxilində Tarif Şurasından tənzimlənməsidir. Yəni, dünya bazarında neftin qiyməti artsa da, bu, avtomatik olaraq yanacaq qiymətlərinə yansımır. Amma dolayı təsirlər mümkündür. Məsələn, beynəlxalq bazarlarda uzunmüddətli bahalaşma baş verərsə, ölkə daxilində də iqtisadi siyasət yenidən nəzərdən keçirilə, yanacaq qiymətlərində müəyyən korrektələr edilə bilər. Bununla belə, qısamüddətli dalğalanmalar adətən daxili bazara təsir etmir. Yekunda, neftin bahalaşması Azərbaycan üçün əsasən müsbət nəticələr doğurur. Bunlara büdcə gəlirləri artır, xarici ticarət balansı möhkəmlənir, milli valyuta sabitləşir. Lakin daxili yanacaq qiymətləri yalnız dövlətin iqtisadi siyasətinə bağlı olaraq dəyişə bilər. Dünya bazarındakı qısamüddətli artımlar isə vətəndaşların cibinə birbaşa təsir göstərmir”.
Nuray Əliyeva
