Qızıl böcəklərdən Darvinin tapıntılarına qədər – 70 milyon muzey artefaktı onlayn olacaq
Tədqiqatçılar süni intellekt və robotlardan istifadə edərək Böyük Britaniyada saxlanılan 70 milyona yaxın heyvan, bitki, fosil və qaya nümunəsini rəqəmsallaşdırırlar. Bu nümunələr gələcəkdə insanların telefon və kompüter vasitəsilə istifadəsinə açıq olacaq.
Layihə DiSSCo UK adlanır və Natural History Museum tərəfindən idarə olunur. Layihədə 100 muzey, botanika bağı, universitet və digər təşkilat iştirak edir.
Nümunələrin rəqəmsallaşdırılması əvvəllər yüz illərlə davam edə bilərdi. İndi isə robotlar nümunələri skan edir, süni intellekt isə onların üzərindəki, bəzən yüz illər əvvələ aid olan əlyazma etiketlərdəki məlumatları oxuyaraq rəqəmsal bazaya daxil edir. Beləliklə, bu prosesin təxminən 10 il ərzində tamamlanması planlaşdırılır.
Rəqəmsal muzey alimlərə iqlim dəyişikliklərini, növlərin azalmasını, kənd təsərrüfatını və təbiətdə baş verən dəyişiklikləri daha yaxşı araşdırmağa kömək edəcək. Məsələn, Natural History Museum-da 35 milyondan çox həşərat nümunəsi var. Onların araşdırılması həşəratların sayının azalmasını və zərərvericilərin yayılmasını izləməyə imkan verəcək.
Layihənin ilk mərhələsində balinalar və dinozavrlar kimi böyük nümunələr deyil, böcəklər, kəpənəklər, güvələr, milçəklər, qurudulmuş çiçəklər və qıjılar rəqəmsallaşdırılacaq. Bu kiçik nümunələr ətraf mühitdə baş verən dəyişikliklər haqqında çox qiymətli məlumat verir.
Şotlandiyada iki əsas müəssisədə ümumilikdə 13 milyon nümunə saxlanılır. Uelsdə isə təxminən yarım milyon bitki və həşərat nümunəsi skan ediləcək.
Tədqiqatçılar hesab edirlər ki, müxtəlif bölgələrdən toplanan bu məlumatlar Böyük Britaniyanın təbiətinin keçmişi və indiki vəziyyəti haqqında daha geniş təsəvvür yaradacaq və gələcəkdə təbiətdə baş verə biləcək dəyişiklikləri proqnozlaşdırmağa kömək edəcək.
Mehriban Yarıyeva