Qızıl və gümüşün qiyməti rekord həddə çatıb
Nyu York birjasında qızılın qiyməti 4600 dolları ötərək bir daha rekord səviyyəyə çatıb.
Mövzu ilə bağlı iqtisadçı Elşən Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, qızılın 4600 dolları keçməsi təsadüfi hadisə deyil:
"Bu, qlobal iqtisadi və geosiyasi gərginliyin gücləndiyini göstərən mühüm siqnaldır. Dünyada müharibə riskləri, Yaxın Şərqdə və digər regionlarda qeyri-sabitlik, böyük güclər arasında iqtisadi və siyasi qarşıdurmalar investorları daha etibarlı aktivlərə yönəldir. Belə dövrlərdə qızıl “təhlükəsiz liman” kimi ön plana çıxır. Digər mühüm səbəb ABŞ-də və Avropada pul siyasəti ilə bağlı qeyri-müəyyənlikdir. İnflyasiya ilə mübarizə, faiz dərəcələrinin gələcəkdə hansı istiqamətdə dəyişəcəyi barədə qeyri-müəyyənliklər maliyyə bazarlarında narahatlıq yaradır. Dolların zəifləməsi də qızılı daha cəlbedici edir, çünki dollar ucuzlaşdıqca qızıl beynəlxalq investorlar üçün daha əlçatan olur. Qızıl və gümüş bahalaşanda bu adətən fond bazarlarında riskdən qaçışın artdığını göstərir. Yəni investorlar səhm və digər riskli aktivləri satıb, pullarını daha təhlükəsiz hesab olunan qiymətli metallara yönəldirlər. Bu isə bir çox ölkədə birja indekslərinə təzyiq yaradır, volatillik, yəni qiymət dalğalanmaları-artır. Eyni zamanda mədən şirkətləri, qızıl və gümüş hasil edən firmalar bundan faydalanır, onların səhmləri yüksəlir. Amma bankçılıq, texnologiya və istehlak sektorları kimi sahələrdə risk iştahının azalması səbəbindən zəifləmə müşahidə oluna bilər. Bir sözlə, qiymətli metalların yüksəlişi fond bazarlarında ehtiyatlı və qorxulu əhval-ruhiyyənin göstəricisidir.Qızıl ehtiyatlarını artıran dövlətlər qlobal maliyyə sistemində daha güclü mövqe əldə edir. Qızıl real, fiziki dəyərə malik aktivdir və heç bir ölkənin valyutasına bağlı deyil. Bu xüsusilə dolların və digər ehtiyat valyutaların etibarlılığı sual altına düşəndə çox vacib olur. Böyük qızıl ehtiyatı olan ölkələr maliyyə böhranları zamanı öz valyutalarını daha yaxşı müdafiə edə bilir, xarici borcları və ticarət balansı ilə bağlı riskləri daha asan idarə edirlər. Bundan əlavə, qızıl ehtiyatlarının artması ölkənin beynəlxalq maliyyə bazarlarında etibarını gücləndirir, kredit reytinqlərinə və investorların baxışına müsbət təsir göstərir. Başqa sözlə, qızıl təkcə sərvət deyil, həm də strateji silahdır. Bu günkü qeyri-sabit dünyada onu daha çox əldə tutan ölkələr iqtisadi və geosiyasi baxımdan daha təhlükəsiz mövqedə olurlar".
Günel Əlili
