Qızıl və gümüş bahalaşıb: bazarda qiymət artımının səbəbləri nədir?- AÇIQLAMA
Son günlər qlobal bazarlarda baş verən dəyişikliklər qiymətli metalların dəyərinə də təsirsiz ötüşməyib. Qızıl və gümüşün qiymətində müşahidə olunan artım həm investorların diqqətini cəlb edir, həm də yerli bazarda müəyyən narahatlıqlar yaradır.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, dünyada artan gərginliklər və qeyri-müəyyənliklər qızıl bazarına birbaşa təsir göstərir:
“Ənənəvi olaraq qızıl “təhlükəsiz liman” hesab olunur və siyasi-iqtisadi risklər artdıqca ona tələbat yüksəlir. Məsələn, ölkələr arasında tətbiq olunan sanksiyalar bu prosesdə mühüm rol oynayır. Rusiya ilə Qərb ölkələri arasında sanksiyaların güclənməsi investorların valyutalara- dollar və avroya olan etimadını qismən azaldır. Bu zaman bir çox investorlar və dövlətlər vəsaitlərini daha etibarlı hesab etdikləri qızıla yönəldirlər. Eyni zamanda, ticarət müharibələri, iqtisadi qarşıdurmalar və silahlı münaqişələr də qızıla olan marağı artırır. Bu kimi qeyri-sabitliklər investorları riskdən qaçmağa vadar edir və nəticədə qızılın qiyməti yüksəlir. Digər mühüm amil isə dolların məzənnəsi ilə bağlı gözləntilərdir. Dolların ucuzlaşacağına dair proqnozlar qızılı daha cəlbedici edir. Həmçinin ABŞ-nin Federal Reserve (FED) vasitəsilə faiz dərəcələrinin aşağı salınacağı ilə bağlı xəbərlər də qızılın qiymətinə müsbət təsir göstərir. Çünki faizlər aşağı düşdükdə investorlar gəlir gətirməyən, lakin təhlükəsiz aktiv olan qızıla daha çox üstünlük verirlər. Qızılın bahalaşması əsasən qlobal qeyri-müəyyənliklər, siyasi gərginliklər və maliyyə bazarlarında gözləntilərlə bağlıdır”.
Cavahir Əsgərbəyli