Qızıl və gümüş bahalaşıb - İQTİSADÇI AÇIQLAYIR
Dünya bazarlarında qiymətli metallara tələbatın artması qızıl və gümüşün qiymətinə də təsir edib. Nyu-York birjasında hər iki metalın fyuçers qiymətlərində bahalaşma qeydə alınıb. Artım xüsusilə qızılın qiymətində özünü göstərib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, mövcud iqtisadi və siyasi şəraitdə qızıl və gümüşün qiymətlərində kəskin artımdan çox, dalğalanmalarla müşayiət olunan yüksək qiymət səviyyəsinin qorunacağı gözlənilir.
“Mövcud iqtisadi və siyasi şərait davam edərsə, qızıl və gümüşdə növbəti aylarda kəskin və bir istiqamətli bahalaşma deyil, daha çox dalğalanma ilə müşayiət olunan yüksək qiymət səviyyəsinin qorunması gözlənilir. Yəni qiymətlər bir müddət yüksək səviyyədə qala, qısamüddətli düzəlişlərlə enib yenidən qalxa bilər. Buna əsas səbəb geosiyasi gərginlik, Yaxın Şərqdə müharibə riski, inflyasiya qorxusu və ABŞ dollarına olan inamın zəifləməsidir. Bu amillər investorları qoruyucu aktivlərə yönəldir”.
Ekspert qeyd edib ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı qərarları qısa müddətdə qiymətləri aşağı çəkə bilər. Faizlər yüksək qaldıqca qızıl saxlamaq daha az sərfəli olur, çünki qızıl faiz gətirmir. Buna görə də yaxın aylarda bazarda ehtiyatlı optimizm var. Böyük banklar ilin sonuna və 2027-ci ilin əvvəlinə qızılın 4200-4800 dollar aralığında qalacağını, gümüşün isə daha yüksək volatilliklə 55-70 dollar arasında hərəkət edəcəyini proqnozlaşdırırlar.
Akif Nəsirlinin sözlərinə görə, qızıl və gümüşün eyni vaxtda bahalaşması dünya maliyyə bazarlarında investorların riskdən qaçması və etibarlı aktivlərə üz tutması tendensiyasından xəbər verir. Adətən investorlar iqtisadiyyata və siyasi sabitliyə inananda pullarını səhm və riskli aktivlərə qoyurlar. Əksinə, müharibə, inflyasiya, valyutaların dəyərsizləşməsi və mərkəzi banklara inamsızlıq artdıqda qızıla keçirlər.
Ekspert hesab edir ki, gümüşün də eyni vaxtda bahalaşması bu prosesi gücləndirir, çünki gümüş həm qoruyucu aktiv, həm də sənaye metalıdır və onun bahalaşması həm qorxu, həm də sənayedə, xüsusilə günəş enerjisi və elektronika sahəsində tələbin artması ilə bağlıdır. Yəni bazar eyni anda həm təhlükəsizlik axtarır, həm də gələcəkdə inflyasiyanın və qeyri-sabitliyin davam edəcəyini gözləyir.
Arzum Ağazadə