Qızıl və gümüş ucuzlaşıb - İQTİSADÇI AÇIQLAYIR
Dünya bazarlarında qiymətli metalların qiymətində dəyişikliklər müşahidə olunur. COMEX əmtəə birjasında qızıl və gümüşün dəyəri əvvəlki göstərici ilə müqayisədə aşağı düşüb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, qızıl və gümüşün eyni vaxtda ucuzlaşmasına əsasən dolların möhkəmlənməsi, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması və investorların əvvəlki bahalaşmadan sonra mənfəət götürməsi təsir edib.
“Qızıl və gümüşün eyni vaxtda ucuzlaşması adətən qiymətli metallar bazarında vahid makroiqtisadi təzyiqin yarandığını göstərir. Hazırda əsas amillərdən biri dolların möhkəmlənməsi və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsidir. Bundan başqa, əvvəlki sürətli bahalaşmadan sonra investorların mənfəət götürməsi də qiymətlərə təzyiq yarada bilər. Oktyabrın 7-də qızılın qiyməti 0,8 faiz, gümüşün isə təxminən 1,9 faiz aşağı düşüb”.
Ekspert qeyd edib ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti qızıl və gümüş üçün mühüm istiqamətverici amildir. Faizlərin yüksək saxlanılması və ya artırılması dolları və gəlir gətirən maliyyə aktivlərini cəlbedici edir, nəticədə faiz gəliri yaratmayan qızıl və gümüşə tələb zəifləyə bilər. Əksinə, Fed faizləri aşağı salmağa başlayarsa, dollar və istiqraz gəlirlilikləri zəifləyə, qiymətli metallara maraq arta bilər. Hazırda bazar Fed-in gələcək qərarları ilə bağlı qeyri-müəyyənliyi qiymətlərə daxil edir.
Akif Nəsirlinin sözlərinə görə, bu dəyişikliklərin Azərbaycanda qızıl və gümüş məmulatlarının qiymətlərinə təsiri mümkündür, amma dünya bazarındakı ucuzlaşma mağazalardakı qiymətə avtomatik və eyni ölçüdə əks olunmur. Azərbaycanda qiymət əsasən beynəlxalq metal qiymətindən, manat-dollar məzənnəsindən, əyarından, emal və zərgərlik işçiliyinin dəyərindən, satıcının marjasından və digər xərclərdən formalaşır. Manatın dollar qarşısında məzənnəsi sabit qaldığı halda dünya qızılının ucuzlaşması xammal dəyərini aşağı sala bilər. Lakin zərgərlik məmulatında işçilik və satıcı marjası yüksək olduğundan istehlakçı bunu tam şəkildə hiss etməyə bilər.
İqtisadçı əlavə edir ki, dünya bazarında qızıl və gümüşün ucuzlaşması Azərbaycanda da qiymətlərin aşağı düşməsi üçün şərait yaradır, amma bunun mağaza qiymətlərinə nə qədər və nə vaxt yansıyacağı ayrıca məsələdir.
Arzum Ağazadə