00:00:00
Yazar
Admin User
20.10.2025 18:05 194 2 dəq oxuma
İqtisadiyyat

Qızılın qiymətində artım tendensiyası və qlobal iqtisadi amillər

Qızılın qiymətində artım tendensiyası və qlobal iqtisadi amillər

Qlobal neft bazarında baş verən qiymət enişi dünya iqtisadiyyatında müxtəlif təsirlərə səbəb olur. İnflyasiyanın azalması baxımından bu proses alıcı ölkələr üçün müsbət qiymətləndirilsə də, neft ixrac edən dövlətlər üçün ciddi maliyyə itkiləri deməkdir. Azərbaycanda isə bu dəyişikliklərin yerli yanacaq qiymətlərinə və iqtisadi siyasətə birbaşa təsiri gözlənilmir. Çünki daxildə qiymətlər bazar deyil, tənzimləyici qurumlar müəyyən edir.

 

Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada iqtisadçı Fuad İbrahimov bildirib ki, hazırda qlobal iqtisadi qeyri-sabitlik və investisiyaların təhlükəsiz aktivlərə yönəlməsi müşahidə olunur:

 

"Bununla belə, məsələyə təkcə iqtisadi qeyri-sabitlik prizmasından deyil, həm də beynəlxalq münasibətlərdəki qarşıdurmalar və qarşılıqlı sanksiyaların artması fonunda baxmaq lazımdır. Məhz bu amillər dünyada alternativ, sabit və sığortalanmış mənbə kimi qızılın rolunu artırıb. Son illərdə tətbiq olunan sərt iqtisadi sanksiyalar nəticəsində, o cümlədən Rusiyanın Qərb banklarında dondurulmuş aktivləri fonunda bir çox ölkələr öz strateji ehtiyatlarını qızıl ifadəsinə keçirməyə başlayıblar. Bu proses xüsusilə Çin, Rusiya, Hindistan, Türkiyə və Azərbaycan kimi ölkələrdə müşahidə olunur. Ehtiyatların qızıla çevrilməsi isə dünya bazarlarında qızılın qiymətinin artımına təkan verir. Təbiidir ki, tələbat artdıqca qiymət də yüksəlir. Digər tərəfdən, elektron ticarət platformalarında qızıl alqı-satqısında iştirak edən investorların sayının çoxalması da qiymətin bahalaşmasını gücləndirən faktorlardandır. Bu səbəbdən, nüfuzlu beynəlxalq maliyyə qurumları da yaxın gələcəkdə qızılın qiymətində artım proqnozlaşdırır. Lakin nəzərə almaq lazımdır ki, bazarlarda spekulyativ alətlər mövcuddur və bunlar aktivlərin qiymətinə gözlənilməz təsir göstərə bilər".

 

Həmçinin iqtisadçı bildirib ki,əgər bazarda iştirak edənlərin əksəriyyəti yalnız bahalaşma gözləyirsə, bu, əksinə, “korreksiya” adlanan prosesə, qiymətin kəskin enməsinə səbəb ola bilər: 

 

 

"Belə hallarda qızılın dəyəri bir neçə ay ərzində aşağı səviyyədə qala bilər və bu, heç bir iqtisadi məntiqə sığmayan tendensiya yarada bilər. Daxili bazarda qızılın qiyməti beynəlxalq “diya” qiymətləri əsasında formalaşır və üzərinə zərgərlik dəyəri əlavə olunur. Bu səbəbdən, qızılı investisiya məqsədilə almaq istəyənlər bilməlidirlər ki, bahalaşma dövründə bazara daxil olmaq risklidir. Əgər qızıl külçə formasında alınırsa, bu, daha məntiqli investisiya sayılır. Amma zərgərlik məmulatı şəklində alınan qızılın üzərinə emal xərcləri əlavə olunduğundan, sonradan satışı zamanı bu xərc itirilə bilər. Nəticə etibarilə, qızılın qiymətində artım tendensiyası hələ də davam edir, lakin bu proses uzunmüddətli sabit yüksəliş deyil ,qısamüddətli dalğalanmalar və spekulyativ risklər həmişə mövcuddur. Buna görə də bazara daxil olan hər bir investor bu riskləri nəzərə almalıdır".

 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər