00:00:00
Yazar
Admin User
29.12.2025 16:28 154 2 dəq oxuma
İqtisadiyyat

Qızılın qiymətini artıran meyarlar

Qızılın qiymətini artıran meyarlar

Qızıl dünya bazarında uzun illərdir dəyərini qoruyan və təhlükəsiz investisiya aləti hesab olunan aktivlərdən biridir. Onun qiyməti yalnız tələb və təklif amilləri ilə deyil, eyni zamanda iqtisadi, siyasi və maliyyə faktorlarının təsiri ilə formalaşır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, qızılın qiyməti əsasən pulun dəyərdən düşməsi, aşağı faiz dərəcələri və geosiyasi risklər fonunda təhlükəsiz investisiya vasitəsi kimi artan tələblə müəyyənləşir:

 

“Qızılın qiymətini formalaşdıran bir sıra iqtisadi və siyasi faktorlar mövcuddur. Əsas səbəblərdən biri pul kütləsinin artması ilə paralel olaraq pulun dəyər itirməsidir. Belə vəziyyətlərdə həm vətəndaşlarda, həm də idxal-ixrac fəaliyyəti ilə məşğul olan şirkətlərdə milli valyutaya inam azalır. Nəticədə insanlar və biznes subyektləri pulun dəyərini qorumaq üçün xarici valyutaya və ya qızıla investisiya etməyə üstünlük verirlər.

Digər mühüm amil aşağı faiz dərəcələri ilə bağlıdır. Depozit faizlərinin cəlbedici olmaması investisiya axtarışında olan şəxsləri qızıla yönəldir. Bu baxımdan Türkiyə və İran nümunə kimi göstərilə bilər. Dünya iqtisadiyyatında baş verən istənilən gərginlik, geosiyasi balansın pozulması və ya regional münaqişələr qızılın qiymətini formalaşdıran əsas amillər sırasındadır. Qeyri-sabitlik, yüksək inflyasiya və hiperinflyasiya riski olan şəraitdə ölkələr iqtisadi böhrana bir addım yaxınlaşmış olur. Belə hallarda mərkəzi banklar qızıl bazarına yönəlir və ehtiyatlarını artırmağa çalışırlar".

 

Ekspert vətəndaşlar üçün investisiya qərarlarının mövcud iqtisadi mühitə uyğun dəyərləndirilməsinin vacibliyini qeyd edib:

 

“Vətəndaşlar üçün bu məsələni analiz edərkən konkret iqtisadi şərait nəzərə alınmalıdır. Məsələn, likvidlik problemi olan və nağd vəsait çatışmazlığı yaşanan bir mühitdə insanlar qızıl almağa maraq göstərməyə bilər. Digər tərəfdən, pul kütləsinin artdığı və milli valyutanın dəyər itirdiyi şəraitdə əksinə, qızıla maraq yüksəlir. Bəzi hallarda isə daha gəlirli biznes mühitləri formalaşır və bu da qızıla olan tələbi azalda bilər.

Valyuta kursları və mərkəzi bankların siyasəti qızılın qiymətinə birbaşa təsir edir. ABŞ dolları ilə qızıl arasında müəyyən əlaqə mövcuddur. Qlobal iqtisadiyyatda real təhlükə və risklər yarandıqda mərkəzi banklar sığorta məqsədilə qızıl ehtiyatlarını artırır. Dünyada baş verən hər hansı ciddi iqtisadi risk dərhal qızılın beynəlxalq bazardakı qiymətinə təsir göstərir. Qeyd etdiyim kimi, qızıl risksiz investisiya aləti kimi qəbul olunur".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər