00:00:00
Yazar
Admin User
07.06.2024 14:14 496 2 dəq oxuma
Sosial

"Qızlar son zəng üçün elə bir şəkildə bəzənirlər ki.."

"Qızlar son zəng üçün elə bir şəkildə bəzənirlər ki.."

"Son zamanlar son zəngin də formatı dəyişib. Buraya son zəng yığıncaqları da daxildir. Eyni zamanda vinetkalara da baxanda hiss edilir ki, hər şey çox fərqli hal alıb". Bu sözləri "İnformator.az"-a açıqlamasında psixoloq Gülnar Orucova bildirib.

 

Psixoloq son zəngdə şagirdlərin məktəblilərə bənzəmədiyini, yaşlarından böyük göründüklərini qeyd edib.

 

"Vinetka, ümumiyyətlə, məktəbdən qalan bir xatirədir. Biz hər zaman onu açarkən böyüdüyümüz yaşlarda özümüzü bir yeniyetmə, uşaq kimi görürük. İndiki şagirdlər isa vinetka çəkimində studiyalara gedib bəzənirlər. Bəzəndikdən sonra üzdə olan hər hansı bir xal və yaxud da çil fotoşopla örtülür. Onları izləyəndə yeniyetmə, məktəbli siması hiss edilmir. Tamamilə dəyişik bir sima olur. Eyni zamanda son zəng qısa, mənalı və yaddaqalan olmalıdır. Son zəngdə hər sinif üç rəqs etməlidir. Məlum məsələdir ki, son zəng açıq havada keçirilir, havalar isti olur. Valideynlər də gəlir. Uşaqlar yorulur. Həmin üç rəqs belə mənasızdır. Bir rəqs yetərlidir".

 

Psixoloq vurğulayıb: "Qızlar son zəngdə elə şəkildə bəzənirlər ki, onlarda məzun görüntüsü, həqiqətən, itir. İllərdir, qarşılaşmadığım məqamla keçən il qarşılaşdım. Mənim qızım da keçən il məzun oldu. Ona qatılmayan uşaqlar ortaya çıxdı. Mən bir şeyi anlamıram. Necə məzun gününə valideyn övladını göndərməyə razı olmaz?! Keçirilən məzun gecəsinə qatılmaya bilər. Amma buraya qatılmalıdır, çünki bu ödənişsizdir. Buna baxmayaraq bir neçə şagirdin buraya qatılmadığının şahidi oldum. Vinetkalar həddən artıq dəbdəbəlidir. Vinetka üçün Bakıdan digər rayonlara gedilir. Biz məzun görüntülərinə baxanda bir çoxlarının üzündə nə saflıq, nə yeniyetməlik, nə də məzun olan şagirdlərin görüntüsünü görürük. İndiki yeniyetmələr, həqiqətən, fərqlidir. Deməzdim ki, zamana uyğunlaşıb. Gördükləri xoşagəlməz bir çox şeyi simalarında formalaşdırırlar. Dünya ulduzlarına fikir verəndə hiss edirik ki, onlar təbii görsənməyi üstün tuturlar. Bizdə isə tam əksidir. Makyaj istifadə edirlər, yenə də ürəkləri soyumur".

 

Psixoloq bu kimi hallarla bağlı valideynlərə tövsiyə edir; "Artıq 17-18 yaşdan etibarən estetik əməliyyatlara üz tuturlar. Bu düzgün seçim deyil. Bunu bir həkimdən belə soruşsaz, "qətiyyən olmaz" cavabını verəcək. Bunların səbəbi isə valideyn nəzarətsizliyidir. Valideynlər övladlarına nəzarət etməlidir. Məktəb sadə görünüş tələb etməlidir. Məktəb bununla bağlı tədbirlər görməlidir".

 

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər