Qlobal neft ixracında kəskin dəyişikliklər: martın ilk 23 günü bazara nə deyir?
2026-cı ilin mart ayının ilk 23 günü üzrə açıqlanan statistik göstəricilər qlobal neft bazarında ciddi dalğalanmaların baş verdiyini ortaya qoyur. Xam neft ixracı baxımından bəzi ölkələrdə kəskin azalma müşahidə olunduğu halda, digərlərində artım qeydə alınıb. Xüsusilə, Yaxın Şərqin əsas ixracatçıları olan Küveyt, İraq və Səudiyyə Ərəbistanında böyük geriləmə diqqət çəkir. Eyni zamanda, Rusiya, İran və Oman kimi ölkələrdə ixracın artması bazardakı tarazlığın dəyişdiyini göstərir. Bu dinamika həm enerji qiymətlərinə, həm də geosiyasi münasibətlərə təsirsiz ötüşməyə bilər.
Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az”a bildirib ki, qlobal neft ixracatındakı dəyişikliklər üzdə texniki və ya digər səbəblər kimi görsənsə də, lakin gizli iqtisadiyyatın bir parçası kimi siyasi səbəblər ilə əlaqədardır:
“Xüsusilə, nəhəng neft ixracatı ilə məşğul olan ölkələrdə kəskin fərqin yaranması heç də təsadüfi deyil. Düşünülə bilər ki, dövlət büdcəsinin əsaslı hissəsini neftdən gələn gəlirlər hesabına formalaşdıran ölkələrdə gəlir payının düşməsi mənfi təsir göstərəcək. Lakin bir məqam var ki, növbəti ilin büdcə planı hazırlanarkən aşağı və yuxarı hədd nəzərdə alınır, həmçinin də ixracda kəskin eniş bir sonrakı iqtisadi dəyişikliyədək qiymətlərin artmasına səbəb olacaq. Digər ölkələrdə ixracatın artmasına qaldıqda isə həmin iki ölkənin iqtisadiyyatı müharibə şəraiti ilə əlaqədar olaraq qeyri stabildir, bundan əlavə hər hansısa bir addımda sanksiyaya məruz qalma riski mövcuddur .Belə bir vəziyyətdə çıxış yolu kimi ixracatın, hasilatın artırılması ən yaxşı yol kimi görsənə bilər. Bu da orta müddət üçün perspektivli görünə bilər, ən azından əhalinin sosial iqtisadi rifahı, maaşların vaxtında ödənilməsi baxımından. Əks halda həmin ölkənin ticari əməkdaşlıq etdiyi ölkəyə tətbiq olunacaq sanksiya və ya ambarqo iqtisadi vəziyyəti daha da iflic edə bilər. İxracatın artdığı ölkələrin bazar payı qazanmasına qaldıqda isə bu sadəcə üzdə görünən səbəbdir. Əsas səbəb isə qeyd etdiyim kimi maksimum güclə və alternativ vasitə ilə ölkə iqtisadiyyatını böhrandan çıxarmaq və sosial iqtisadi vəziyyəti bərpa etməkdir. Bu vəziyyətin qlobal neft qiymətlərinə təsirinə qaldıqda isə, siyasi gərginliyin aradan qaldırılması və ya bir növ yumşalma qiymətləri dəyişə bilər. Lakin ümumilikdə, yaxın gələcəkdə neft qiymətləri artacaq”.
Cavahir Əsgərbəyli