“Qlobal risklər fonunda neft qiymətlərində kəskin enmə real görünmür”
“Hazırkı neft qiymətləri ötən ilin proqnozlarını cari ildə üstələyir".
Bunu enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “İnformator.az”a açıqlamasında bildirib.
Ekspertin fikrincə, 2025-ci ildə əksər bazar analitikləri 2026-cı ilin birinci rübündə qlobal tədarük bolluğu səbəbindən neft qiymətlərinin kəskin düşəcəyini proqnozlaşdırıblar:
“Lakin neftin əsas mərkəzi sayılan Yaxın Şərqdə geosiyasi gərginlik və ehtiyatların azalması neft qiymətlərinə təkan verib. Hazırkı neft bazarları fiziki məhdudiyyətlərlə idarə olunur. Neft emalı zavodlarının lazımi xammalla təmin edilməsində ciddi problemlər mövcuddur. Xüsusilə, Avropadakı neft emalı zavodlarının konfiqurasiyasına uyğun neft markalarının təchizatında ciddi çətinliklər var. Bu səbəbdən cari ildə neft qiymətlərində kəskin enmələr mümkün deyil. Yaxın perspektivdə artan neft tələbi səbəbindən qlobal emal gücləri xammal yükləməsində problemlərlə üzləşəcək. Sanksiyalar, hasilat, nəql və emal gücləri, eləcə də nəqliyyat dəhlizlərinin təhdid altında qalması neft bazarlarında tarazlığın pozulmasına səbəb olur. Bu da son nəticədə neft qiymətlərinin dinamikasına təsir edir".
Həmçinin ekspert qeyd edib ki, digər tərəfdən artan neft tələbi ilə yeni neft yataqlarının kəşfi arasında ciddi uçurum mövcuddur:
“Son on ildə qlobal neft-qaz istehlakının rekord səviyyəyə çatması ilə müqayisədə yeni karbohidrogen yataqlarının kəşfi kəskin şəkildə azalıb. Hazırkı geoloji kəşfiyyat fəaliyyəti illik istehlak edilən neft və qaz ehtiyatlarının kiçik bir hissəsini əhatə edir. Bu isə struktur boşluğunun genişlənməsinə səbəb olur. Beynəlxalq səviyyədə tanınan Raystad Energy konsaltinq şirkətinin verdiyi məlumata görə, hazırda hər il istehlak edilən neftin yalnız 25-30%-i yeni kəşflərlə kompensasiya olunur. Bu o deməkdir ki, qarşıdakı illərdə neft qiymətlərində hər hansı enmələr mümkün deyil. Aşağı neft qiymətləri neft ixrac edən ölkələrdə, o cümlədən Azərbaycanda büdcə problemləri yarada bilər. Lakin qarşıdakı illərdə neft qiymətləri hasilatçı ölkələr üçün məqbul səviyyədə olacaq. Belə olan təqdirdə Azərbaycan neft hasilatında baş verən azalmanın qarşısını almalı və illik hasilatı sabitləşdirməlidir".
Nuray Əliyeva
