00:00:00
Yazar
Zəhra Həsənova
21.04.2026 20:52 27 3 dəq oxuma
Sosial

QSC: Biznesdə qapalı idarəetmə modeli

QSC: Biznesdə qapalı idarəetmə modeli

Azərbaycanda fəaliyyət göstərən şirkətlər və müəssisələr, əsasən, bir neçə hüquqi forma altında qurulur. Bu formalardan biri də “Qapalı Səhmdar Cəmiyyəti” - yəni QSC-dir. Qapalı səhmdar cəmiyyəti biznes fəaliyyətinin xüsusi formalarından biridir və burada səhmlərin dövriyyəsi məhdudlaşdırılır. Bu tip şirkətlərdə iştirakçılar əvvəlcədən müəyyən olunur və idarəetmə daha qapalı şəkildə həyata keçirilir. QSC-lər əsasən etibarlı tərəfdaşlar arasında qurulan, risklərin daha nəzarətli olduğu biznes modelidir.


Mövzu ilə bağlı Vəkil Vüsal Cəfərov “İnformator.az”a açıqlamasındabildirib ki, QSC açıq səhmdar cəmiyyətlərindən fərqli olaraq daha az hesabatlılıq yükü daşıyır:

 

"Qapalı Səhmdar Cəmiyyəti (QSC) sahibkarlıq fəaliyyətində nəzarət və sabitliyin qorunması baxımından ən optimal modellərdən biridir. Bu hüquqi forma, xüsusilə kapitalın məhdud dairədə saxlanılması və idarəetmənin dağılmaması məqsədini güdən subyektlər üçün ciddi üstünlüklər təqdim edir. İlk növbədə, QSC-də səhmlərin dövriyyəsi məhdudlaşdırıldığı üçün kənar şəxslərin şirkətə nəzarətsiz daxil olması faktiki olaraq mümkünsüzdür. Bu isə biznesin strateji qərarlarının yalnız təsisçilər və mövcud səhmdarlar tərəfindən qəbul edilməsini təmin edir. Digər mühüm üstünlük isə məsuliyyətin məhdud olmasıdır. Səhmdarlar yalnız qoyduqları kapital həcmində risk daşıyırlar. Bu, sahibkar üçün risklərin hüquqi baxımdan çərçivəyə salınması deməkdir. Eyni zamanda, QSC açıq səhmdar cəmiyyətlərindən fərqli olaraq daha az hesabatlılıq yükü daşıyır. Bu isə praktik müstəvidə idarəetmə xərclərinin və inzibati prosedurların azalmasına gətirib çıxarır. QSC ilə Açıq Səhmdar Cəmiyyəti (ASC) arasındakı əsas fərq, mahiyyət etibarilə kapitalın dövriyyə rejimi və idarəetmə fəlsəfəsi ilə bağlıdır. ASC-də səhmlər açıq şəkildə satışa çıxarıla və geniş investor kütləsinə təqdim oluna bilər. Bu kapitalın sürətli şəkildə artırılmasına imkan yaratsa da, eyni zamanda şirkət üzərində nəzarətin zəifləməsinə səbəb olur. QSC-də isə əksinə, səhmlər yalnız məhdud şəxslər arasında bölüşdürülür və satışı ciddi qaydalarla tənzimlənir. QSC-də səhmdarların sayı məhdud olur, ASC-də isə səhmdar sayı qeyri-məhduddur və səhmlər sərbəst dövriyyədə ola bilər".

 

Həmçinin vəkil qeyd edib ki, QSC yaratmaqla sahibkarlar həm hüquqi şəxs statusuna malik olurlar, həm də öz fəaliyyətlərini daha strukturlaşdırılmış və hüquqi çərçivədə davam etdirə bilirlər:

 

"QSC - hüquqi baxımdan müstəqil, səhmdarları arasında səhmlərin dövr etdiyi, məhdud məsuliyyətli bir sahibkarlıq formasıdır. Bu cür təşkilati model daha çox etibara əsaslanan və kiçik-miqyaslı biznes layihələri üçün uyğundur. QSC yaratmaqla sahibkarlar həm hüquqi şəxs statusuna malik olurlar, həm də öz fəaliyyətlərini daha strukturlaşdırılmış və hüquqi çərçivədə davam etdirə bilirlər. QSC forması isə, düzgün yanaşma ilə qurulduqda, həm riskləri azaldır, həm də dayanıqlı inkişaf üçün əlverişli zəmin yaradır. QSC- tərəfdaşlıq əsaslı kiçik və orta müəssisələr, investor dairəsinin məhdud saxlanılması istənilən layihələr, strateji nəzarətin qorunmasının vacib olduğu şirkətlər üçün üstün model hesab olunur. QSC daha çox o hallarda seçilir ki, biznes sahibi və ya təsisçilər şirkət üzərində idarəetmə nəzarətini itirmək istəmirlər, səhmlərin üçüncü şəxslərə keçidini məhdudlaşdırmaq istəyirlər, investor qəbulunu seçici və nəzarətli şəkildə həyata keçirmək niyyətindədirlər. Bu baxımdan QSC strateji bizneslər, orta və uzunmüddətli investisiya layihələri, birgə tərəfdaşlıq əsasında qurulan biznes modelləri üçün xüsusilə uyğundur".

 

Samirə Allahverdizadə

#modeli #baki #qapalı #idarəetmə #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər