00:00:00
Yazar
Admin User
02.02.2026 16:27 60 3 dəq oxuma
Maraqlı

Quru dondurmalar:

Quru dondurmalar:

Son zamanlarda quru dondurmalar sosial şəbəkələrdə və mağazalarda sürətlə trendə çevrilib. Lakin mütəxəssislər bildirir ki, bu məhsulların tərkibində yüksək şəkər miqdarı və müxtəlif qatqı maddələri ola bilər ki, bu da uzunmüddətli istifadədə sağlamlıq üçün risk yarada bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib ki, quru dondurmaların tərkibində sağlamlıq üçün risk yarada biləcək maddələr bəzən olur, bəzən də olmur:


“Quru dondurma dediyimiz əslində bir texnologiyadır. Məhsul dondurulur, sonra vakuum şəraitində suyu çıxarılır, buz birbaşa buxara keçir. Risk adətən prosesdən yox, reseptdən gəlir. Əgər bu klassik dondurmanın quru variantıdırsa, tərkibi də eyni olur. Şəkər, qlükoza siropu, dekstroz, kərə yağı, bəzən kokos yağı və oxşar yağlar, stabilizatorlar və emulqatorlar, aromalar, rəngləndiricilər ola bilir. Bir çox quru dondurma etiketində emulqatorlar və stabilizatorlar açıq şəkildə yazılır. Bu qatqı maddələri icazə verilən qatqı madələri olsa da, günlük sağlam insanın qəbul edəcəyi dozanı keçsək risk ehtimalı yarana bilir. Əsas risklərdən biri şəkərin çoxluğudur. Müxtəlif şəkər formaları birlikdə olanda gündəlik rasionda şirinin yükü artır. Bəzi emulqator, stabilizatorlar hamıda yox, amma mədə-bağırsağı həssas insanlarda narahatlıq yarada bilər”.

Ekspertin sözlərinə görə, quru dondurma alarkən tərkibi siyahısında ilk sırada olan 3-5 maddəyə baxın:

“Maddələr adətən miqdarına görə sıralanır. İlk yerlərdə şəkər, qlükoza siropu, dekstroz çoxdursa, məhsulun əsas yükü artıq görünür. Şəkər bəzən şəkər kimi, bəzən də sirop, fruktoza, dekstroz kimi qeyd olunur. Bir neçə formanın birlikdə olması şirinlik yükünü artırır.
Quru məhsulda 100 q bəzən yanıldıcı ola bilər. Çünki məhsul yüngüldür və həcmi böyük görünür. Daha real qiymətləndirmə üçün porsiya üzrə kalori, şəkər və doymuş yağa baxmaq faydalıdır. E471, E473 emulqatorlar, E407 karragenan, E412 quar, E415 ksantan kimi maddələr əsasən tekstura üçündür. Çox adam üçün problem yaratmır. Amma bəzi həssas insanlar üçün risk yarana bilər.
Süd zülalı, laktoza, soya lesitini, qoz-fındıq izləri kimi qeydlər xüsusən uşaqlar və allergiyası olanlar üçün vacibdir. Həmçinin quru məhsul həmişə təhlükəsiz olmur. Qablaşdırmanın bütöv olması və rütubətdən qorunma keyfiyyətə birbaşa təsir edir”.


Quru dondurmaları dadına görə seçən Fidan Tağıyeva bildirib ki, məncə quru dondurma həm trend olduğu üçün, həm də dadına görə seçilir:

 

“Açığı, əgər bu məhsul trend olmasa, bəlkə də onun mövcudluğundan xəbərim olmazdı. Sosial şəbəkələrdə və ətrafımdakı insanların paylaşımlarında tez-tez qarşıma çıxdığı üçün diqqətimi çəkdi və maraqlandım. Bu baxımdan trend olması müsbət haldır, çünki insanlar yeni və fərqli məhsulları tanımaq imkanı əldə edirlər.
Digər tərəfdən, quru dondurmanın dadı da onu seçməyimdə mühüm rol oynayır. Adi dondurmadan fərqli dad və quruluşa malik olması onu maraqlı edir”,- deyə bildirib.

 

Quru dondurmaların hazırlanma qaydasının maraqlı gəldiyini söyləyən Ömər Xəyyam deyib ki, quru dondurmalar normal dondurmanın sublimasiya olunmasından alınır:


“Bu istehsal üsulu mənə ilk andan maraqlı gəlib, çünki adi dondurmanın tam fərqli bir fiziki prosesdən keçərək başqa bir formaya düşməsi diqqətimi çəkib. Bu fiziki prosesin nəticəsi maraqlı gəldiyindən, həm də dondurma sevən biri olaraq normal dondurmadan olan fərqini bilmək üçün seçirəm. Quru dondurmanın dadı və teksturası adi dondurmadan fərqlənir, daha yüngül və ağızda tez dağılan bir hiss yaradır. Mənim üçün bu məhsul sadəcə şirniyyat deyil, eyni zamanda fərqli bir təcrübədir və hər dəfə yeyəndə bu fərqi açıq şəkildə hiss edirəm”,- deyə bildirib.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər