00:00:00
Yazar
Ayşən Səlimova
03.04.2026 21:45 27 3 dəq oxuma
Dünya

“Quterreşin xəbərdarlığı: Yaxın Şərqdə eskalasiya qlobal müharibə riskini artırır”

“Quterreşin xəbərdarlığı: Yaxın Şərqdə eskalasiya qlobal müharibə riskini artırır”

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, dünya Yaxın Şərqi əhatə edərək qlobal təsirlər yaradacaq daha böyük müharibə təhlükəsi ilə üz-üzədir. O qeyd edib ki, münaqişənin təsirləri artıq hiss olunur və xüsusilə naviqasiya azadlığının məhdudlaşması ciddi nəticələr doğurur.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, böyük güclərin rolu bu prosesdə həlledici və eyni zamanda mürəkkəbdir:

 

“Antonio Quterreşin Yaxın Şərqdə daha genişmiqyaslı müharibə riski ilə bağlı xəbərdarlığı real geosiyasi dinamikalara əsaslanan qiymətləndirmə kimi qəbul edilməlidir. Müasir beynəlxalq sistemdə regional münaqişələrin sürətlə qlobal təsir yaratmaq potensialı xeyli artıb və xüsusilə, Yaxın Şərq kimi yüksək həssas bölgədə hərbi eskalasiya zəncirvari reaksiyalara səbəb ola bilər. Quterreşin vurğuladığı naviqasiya azadlığının məhdudlaşması faktoru isə bu riskin artıq nəzəri deyil, praktik mərhələyə keçdiyini göstərir. Hazırda regionda gərginliyi artıran əsas faktorlar bir neçə paralel xətt üzrə inkişaf edir. Birincisi, dövlətlərarası və qeyri-dövlət aktorları arasında çoxsəviyyəli qarşıdurmadır. ABŞ, İsrail-İran qarşıdurması, proksi qüvvələrin aktivləşməsi və müxtəlif silahlı qrupların regional balansı pozması genişmiqyaslı eskalasiya riskini yüksəldir. İkincisi, enerji və ticarət marşrutlarının təhlükə altına düşməsidir. Xüsusilə Hörmüz boğazı və Qırmızı dəniz kimi strateji keçidlərdə təhlükəsizlik problemləri qlobal bazarlara dərhal təsir edir. Üçüncüsü isə qarşılıqlı etimadsızlıq və diplomatik kanalların zəifləməsidir ki, bu da münaqişənin nəzarətdən çıxaraq genişmiqyaslı qarşıdurmaya çevrilmə ehtimalını artırır. Böyük güclərin rolu bu prosesdə həlledici və eyni zamanda mürəkkəbdir. ABŞ-nin regiondakı hərbi mövcudluğu və İsraili dəstəkləməsi bir tərəfdən çəkindirmə effekti yaratsa da, digər tərəfdən qarşı bloklaşma üçün də imkanlar açır. Rusiya və Çin daha çox geosiyasi və iqtisadi alətlər vasitəsilə təsir göstərməyə çalışır, lakin onların da regiondakı maraqları toqquşan nöqtələr yaradır. Nəticədə Yaxın Şərq tədricən böyük güclər arasında dolayı rəqabət meydanına çevrilir ki, bu da hər hansı münaqişənin qlobal qarşıdurma elementləri qazanması riskini artırır. Bu kontekstdə Azərbaycan kimi ölkələr birbaşa münaqişə tərəfi olmasa da, dolayı təsirlərə kifayət qədər açıqdır. İlk növbədə enerji bazarlarında dalğalanmalar Azərbaycanın həm imkanlarını, həm də risklərini artırır. Neft və qaz qiymətlərinin yüksəlməsi qısamüddətli iqtisadi gəlirlər gətirsə də, uzunmüddətli qeyri-sabitlik investisiya mühitinə mənfi təsir göstərə bilər. İkinci mühüm aspekt nəqliyyat və logistika marşrutlarıdır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin vacib hissəsi kimi çıxış etdiyindən, regional təhlükəsizlik problemləri ticarət axınlarına təsir edə bilər. Odur ki, Quterreşin xəbərdarlığı kifayət qədər real təhlükəyə əsaslanır. Mövcud şəraitdə Yaxın Şərqdə eskalasiyanın idarəolunmaz mərhələyə keçməsi ehtimalı tam istisna edilmir və bu, artıq yalnız regional deyil, qlobal təhlükəsizlik və iqtisadi sabitlik məsələsinə çevrilib. Bu baxımdan beynəlxalq aktorların əsas vəzifəsi gərginliyi azaltmaq, kommunikasiya kanallarını açıq saxlamaq və strateji keçidlərdə təhlükəsizliyi təmin etməkdən ibarət olmalıdır”.

 

 

Aydan Əsgərxanlı

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər