Rövşən Abdullaoğlu
Azərbaycan müasir ədəbiyyatının ən dərin düşüncə sahiblərindən biri yazıçı və filosof Rövşən Abdullaoğlu həm bədii yaradıcılığı, həm də fəlsəfi baxışları ilə geniş oxucu kütləsinin rəğbətini qazanıb. Onun əsərləri təkcə ədəbi dəyəri ilə deyil, həm də insanın mənəvi aləminə işıq tutması ilə seçilir.
Rövşən Abdullaoğlu illərdir oxuculara daxili azadlıq, seçim, sevgi və insanın varlıq anlamı kimi mövzuları dərin fəlsəfi dillə çatdırır. “Bu şəhərdə kimsə yoxdur”, “Relslər üzərində uzanmış adam”, “Gecikmiş qatar” və digər kitabları oxucular arasında böyük rezonans doğurub. Onun qəhrəmanları həyatın sınaqlarından keçərək öz “mən”lərini axtaran, bəzən ağrı, bəzən isə ümid dolu obrazlardır.
“İnformator.az” a müsahibəsində yazıçı-filosof Rövşən Abdullaoğlu bildirib ki, əsərlərimdəki obrazlar əsasən təxəyyülümün məhsuludur, amma bəzən real həyatda qarşılaşdığım insanların müəyyən xüsusiyyətlərini də personajlarıma əlavə edirəm:
"Mənə görə ədəbiyyat insanın ruh aynasıdır. Oxucu hər dəfə bir obrazla qarşılaşanda əslində özünün bir tərəfini kəşf edir. Ədəbiyyat insanın həm ağrısını, həm də şəfasını göstərən ən səmimi yoldur".
Sözə və insan ruhuna bu qədər incə yanaşması Rövşən Abdullaoğlunu çağdaş ədəbiyyatımızın ən dərin düşünən müəlliflərindən birinə çevirir.
Ədilə Hüseynzadə
