00:00:00
Yazar
Zəhra Həsənova
17.04.2026 20:00 70 2 dəq oxuma
İqtisadiyyat

Rəqəmsal iqtisadiyyata vergi nəzarəti güclənir: Qeyri-rezidentlər üçün yeni qaydalar hazırlanır

Rəqəmsal iqtisadiyyata vergi nəzarəti güclənir: Qeyri-rezidentlər üçün yeni qaydalar hazırlanır

Azərbaycanda qeyri-rezident şəxslərin ölkə mənbəli gəlirlər üzrə vergiyə cəlb olunması mexanizminin təkmilləşdirilməsi planlaşdırılır. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən açıqlanan 2027-2030-cu illəri əhatə edən ortamüddətli büdcə çərçivəsinə əsasən, xüsusilə rəqəmsal xidmətlər, elektron ticarət və digər sərhədlərarası əməliyyatlar üzrə vergitutma qaydalarının dəqiqləşdirilməsi nəzərdə tutulur. 
 

Mövzu ilə bağlı iqtisadçı Razi Abbasbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, vergi sistemində tətbiq edilən sərtləşdirmələr sahibkarlar və investorlar üçün risklərin artması deməkdir:

 

“Xüsusilə, qeyri-rezidentlərin vergiyə cəlb olunmasının sərtləşdirilməsi regionlara investisiya axınına mənfi təsir göstərə bilər. Bu məsələdə kifayət qədər həssas yanaşma tələb olunur və paralel olaraq müəyyən vergi güzəştləri də tətbiq edilməlidir. Xüsusilə, regionların inkişafı məqsədilə bir sıra stimullaşdırıcı mexanizmlər vacibdir.
Elektron ticarətdə vergi tətbiqi idxaldan asılı ölkələr üçün qiymət artımı riski yaradır. Bu, təkcə bahalaşmaya səbəb olmur, eyni zamanda qeyri-qanuni ticarətin formalaşmasına və kölgə iqtisadiyyatının genişlənməsinə gətirib çıxara bilər. Çünki sərt tənzimləmələr bazarda rəqabət mühitini zəiflədir. Qiymətlərin süni şəkildə artması və real bazar dəyərindən yüksək maya dəyərinin formalaşması alternativ, qeyri-rəsmi yolların yaranmasına səbəb olur”.

 

Ekspert beynəlxalq təcrübəyə də toxunaraq bildirib ki, son illərdə valyuta dövriyyəsinə nəzarətin gücləndirilməsi və şəffaflığın artırılması üçün müxtəlif alətlərdən istifadə olunur: 

 

“Bu yanaşmalar daha çox nəzarət mexanizmlərinə əsaslanır, sərt inzibati tədbirlərə deyil. Bəzi hallarda pul köçürmə sistemlərinin fəaliyyəti məhdudlaşdırılaraq qeyri-leqal gəlirlərin dövriyyəsinin qarşısı alınır. Elektron ticarət artıq qlobal ticarətin 50-55 faizini təşkil edir və bu sahədə nəzarətin gücləndirilməsi qaçılmazdır. Vergiyə cəlb etmə, idxal-ixrac əməliyyatlarına nəzarət və qeyri-leqal maliyyə axınlarının qarşısının alınması üçün müxtəlif alətlər tətbiq edilir. Azərbaycan kimi idxaldan asılı bazarlarda əsas diqqət sərtləşdirməyə deyil, balanslı nəzarət mexanizmlərinin qurulmasına yönəldilməlidir. Sərt addımlar yalnız o halda effektiv olur ki, ölkə ixracyönümlü sənaye məhsulları istehsal edir. Əks halda, bu yanaşma bazarda əlavə mənfi təsirlər yarada bilər”.

 

Fatimə Hüseynli

#gündəm #rəqəmsal #baki #vergi #nəzarəti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər