Rəqəmsal mühitdə müəllif hüquqlarının pozulması hansı nəticələrə səbəb olur?
Rəqəmsal platformalarda müəllif hüquqlarının pozulması halları artdıqca, hüquqi məsuliyyət və sanksiyalar da sərtləşir. Ekspertlər hesab edir ki, mövcud mexanizmlər yetərli deyil və xüsusilə sosial media mühitində müəllif hüquqlarının qorunması üçün daha güclü hüquqi alətlərə ehtiyac var.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında media eksperti Səbuhi Abbasov bildirib ki, rəqəmsal mühitdə müəllif hüquqları tez-tez pozulur və daha güclü hüquqi mexanizmlərə ehtiyac var:
“Müəllif hüquqları ilə bağlı həm Azərbaycanda, həm də dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində xüsusi qurumlar fəaliyyət göstərir. Bu qurumlar müəllif hüquqlarının müdafiəsi istiqamətində müxtəlif addımlar atır, maarifləndirmə tədbirləri həyata keçirir və şəxslərə məxsus məhsulların sahəsindən asılı olmayaraq rəsmi şəkildə təsdiqini apararaq müvafiq şəhadətnamələr təqdim edirlər. Təəssüf ki, rəqəmsal mühitdə müəllif hüquqları tez-tez pozulur və bu sahədə hüquqi mexanizmlər hələ tam şəkildə formalaşmayıb. Açıq qalan suallar kifayət qədərdir. Ümumilikdə isə rəqəmsal mühitdə müəllif hüquqlarının pozulması hüquqi məsuliyyət yaradır və bir çox hallarda cərimələrlə nəticələnir. Bəzi ölkələrdə isə bu, hətta cinayət məsuliyyəti doğura bilər və xüsusi hüquqi sanksiyalar tətbiq olunur. Bu cür pozuntular müəllifə həm maddi zərər vurur, həm də onun nüfuzuna xələl gətirir. Eyni zamanda, qayda pozuntusuna yol verən şəxslərin hesabları və paylaşdıqları kontent müxtəlif formalarda məhdudlaşdırıla və ya bloklana bilər”
Həmçinin ekspert qeyd edib ki, artıq bir çox peşəkar sosial platformalar müəllif hüquqlarının qorunması məsələsində daha sərt mövqe nümayiş etdirir:
“Məsələn, hər hansı bəstəkara məxsus mahnını, şeiri və ya reklam materialını müəllifin icazəsi olmadan paylaşdığınız halda, kontentiniz silinə, profiliniz bloklana və ya həmin paylaşımın digər istifadəçilərə göstərilməsi məhdudlaşdırıla bilər. Hətta böyük izləyici kütləsinə malik səhifələr belə, müəllif hüquqlarını dəfələrlə pozduqları təqdirdə bloklana bilir. Bununla belə, tətbiq olunan sanksiyalar və texniki məhdudiyyətlər hələ də müəllif hüquqlarının tam və mükəmməl qorunmasını təmin etmir. Çünki burada süni intellekt və filtr mexanizmlərinin imkanları və məhdudiyyətləri ön plana çıxır. Bəzən istifadəçilər başqasına məxsus məhsulu - istər musiqi, istər rəsm, istər mətn, istərsə də ixtira müəyyən dəyişikliklər edərək paylaşır və bu yolla hüquq pozuntusundan yayınmağa çalışırlar. Bu səbəbdən hesab edirəm ki, ölkəmizdə bu sahə ilə məşğul olan qurumlar daha da təkmilləşdirilməli, xüsusilə rəqəmsal mühit və sosial platformalar üzrə hüquqi mexanizmlər gücləndirilməlidir. Əks halda, müəllif hüquqlarının pozulması halları ilə tez-tez qarşılaşmağa davam edəcəyik”.
Arzu Poladova