00:00:00
Yazar
Nərmin Həşimova
14.07.2026 20:17 81 3 dəq oxuma
İqtisadiyyat

“Rəşt-Astara dəmir yolu Şimal-Cənub dəhlizinin potensialını artıracaq"-AÇIQLAMA

“Rəşt-Astara dəmir yolu Şimal-Cənub dəhlizinin potensialını artıracaq"-AÇIQLAMA

İran və Rusiya arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən Rəşt-Astara dəmir yolu layihəsinin icrasına yaxın vaxtlarda başlanılması gözlənilir. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin mühüm hissəsi olan bu layihə İranın cənub limanlarını Azərbaycan, Rusiya və Avropanın dəmir yolu şəbəkəsi ilə birləşdirəcək. Layihənin reallaşması regionda yükdaşımaların sürətlənməsinə, tranzit imkanlarının genişlənməsinə və iqtisadi əməkdaşlığın güclənməsinə əhəmiyyətli töhfə verəcək.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ümumilikdə Şimal-Cənub nəqliyyat dəhlizinin üç marşrutu mövcuddur:


“Şərq marşrutu Rusiya, Qazaxıstan, Türkmənistan istiqamətində fəaliyyət göstərir. Transxəzər marşrutu Rusiya-İran dəniz marşrutudur, Xəzər üzərindən keçir. Qərb marşrutu isə ən qısası olmaqla, Rusiya-Azərbaycan-İran üzərindən olan marşrutdur. Bunun da bu günə kimi çatışmayan elementi Rəşt-Astara dəmir yoludur. Bu dəmir yolunun tarixinə baxdıqda, layihənin adı Qəzvin-Rəşt-Astara idi və Qəzvindən Rəştə kimi yol 2007-ci ildən 2019-cu ilə qədər tikilib təhvil verildi. Sonradan həmin dəmir yolu Ənzəli limanı ilə də əlaqələndirildi. Qalan 162 kilometrlik Rəşt-Astara hissəsi ilə bağlı uzun zaman əsas arqumentlərdən biri torpaq ayırmasının çətin keçməsi və bununla bağlı olan problemlər idi”.


Ekspert qeyd edib ki, son dövrdə səslənən fikirlərə görə torpaq ayırması artıq tam başa çatıb:


“İndi son zamanlar səslənən fikirlər ondan ibarətdir ki, torpaq ayırması 100 faiz bitib. Düşünürəm ki, bundan sonra tikinti fazası başlayacaq və sürətlə tikilib istifadəyə veriləcək. Əvvəllər səslənən rəqəmlərə görə, üç il ərzində tikilib istifadəyə verilməsi kimi fikirlər səslənib. Bununla yanaşı, həmçinin bilirik ki, Zəngəzur dəhlizinin işə düşməsi, həmçinin Araz dəhlizinin də ilkin olaraq avtomobil yolu seqmentinin daha tez açılması nəzərdə tutulur. Bu istiqamət də fərqli marşrutlar üzrə istifadə olunur. Həm Şərq-Qərb, həm Şimal-Cənub, həmçinin də Cənub-Qərb marşrutları üzrə və bu da Azərbaycanın şaxələnmiş marşrutlarıdır. Təklif etmək yönündə doğru verilmiş qərardır. Rəşt-Astara dəmir yolu tikilənə qədər ümumi olaraq ən yaxın hədəf qoyulub ki, qərb marşrutu üzrə 2028-ci ilin əvvəlinə qədər 5 milyon tonun ötürülməsi hədəflənib. Amma ümumi potensial olaraq nəzərdə tutulurdu ki, 15 milyon ton yük daşınsın. Bu 15 milyon ton yükün, əgər dəmir yolu açılarsa, təkcə dəmir yolu ilə daşınması mümkün olacaq. Dəmir yolu tikilənə qədər isə daha çox hissəsi avtomobil daşımaları ilə icra olunacaq”.


Rauf Ağamirzəyev vurğulayıb ki, avtomobil daşımaları üçün çıxış imkanları da genişlənir:


“Bildiyimiz kimi, avtomobil ilə daşınma imkanları və çıxış imkanları Astara, Biləsuvar və yaxında açılması planlaşdırılan Ağbənd keçid məntəqəsi vasitəsilə təmin ediləcək. Gömrük məntəqəsi tikilir. Kəlalə-Ağbənd ərazisi üzərindəki körpü ilə bu əlaqə təmin ediləcək. Düşünürəm ki, dəmir yolunun tikilməsi Şimal-Cənub nəqliyyat dəhlizinin qərb qolunda daha çox yükün ötürülməsinə töhfə verəcək".


Mehriban Yariyeva

#gündəm #şimal-cənub #açiqlama #dəhlizinin #artıracaq”-
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər