Rafiq Hüseynovun əziz xatirəsinə
26 oktyabr Azərbaycan efirinin əfsanəvi səsi, xalq artisti Rafiq Hüseynovun anım günüdür. Bu tarix sanki sükutun içindən gələn bir səslə danışır-o səs illərlə evlərimizdə, qəlbimizdə, ekranlarımızda səda verib.
Rafiq Hüseynov-sadəcə diktor deyil, o, sözün nəfəsini, səsin ruhunu, nitqin gözəlliyini Azərbaycan tamaşaçısına sevdirən insandı. Onun səsi efirdə səslənəndə tamaşaçı ekrana daha yaxın oturub. Çünki o səsdə təmkin, mədəniyyət, zövq və millilik vardı.
1946-cı ilin avqustunda Şuşada doğulan bu nurlu insan, ömrü boyu Vətənə xidmət edib-mikrofonun arxasında, sözün önündə. Onun səsi dövlət tədbirlərində, bayramlarda, hüzn anlarında və sevincli xəbərlərdə millətin ruhuna çevrilib.
Amma həyat bəzən səssiz bir pauza kimi gəlir…
2017-ci il 26 oktyabrda Düsseldorfda, uzaq bir ölkədə, o səs əbədi olaraq susub. Amma gerçəkdə sükut etməyib-çünki o səs Azərbaycan televiziyasının tarixində əbədi qalıb.
İndi aradan illər keçsə də, Rafiq Hüseynovun səsi elə bil efirdən hələ də səslənir:
“Əziz tamaşaçılar, xoş axşamlar…”
O, sadəcə bir diktor deyil-nitq mədəniyyətinin simvolu, televiziya tariximizin səssiz qəhrəmanı, sözə can verən ustad idi.
Bu gün onun anım günündə bir daha anlayırıq:
Səs bəzən insandan çox yaşayır.
Çünki o səs-xalqın yaddaşına hopan bir melodiyadır.
Rafiq Hüseynovun səsi susub,
amma onun ruhu, nitqi və təmkinli duruşu Azərbaycan efirində əbədi səslənəcək.
Banuçiçək Məmmədova
