00:00:00
Yazar
Zəri Bayramlı
18.07.2026 16:33 40 5 dəq oxuma
Sosial

Rahatlıq və risk arasında: Texnologiyadan düzgün istifadə

Rahatlıq və risk arasında: Texnologiyadan düzgün istifadə

Texnologiyanın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi insanlara bir çox üstünlüklər qazandırsa da, ondan həddindən artıq istifadə psixoloji, fiziki və sosial problemlərə səbəb ola bilir. 


Mövzu ilə bağlı Klinik psixoloq Gülşən Rüstəmova “İnformator.az”a açıqlamasında bildirib ki, texnologiyaların təsiri onlardan necə istifadə etməyimizdən asılıdır və düzgün yanaşma mənfi təsirləri azaltmağa kömək edir:


“Biz yenilikləri həyatımıza zatən çətinliklə qəbul edirik. Həyatımızda hansısa nəsnələr kəşf olunursa, ya yaradılırsa və ya axtarılıb tapılırsa, bu, insan həyatını asanlaşdırmaq üçün ideya olaraq buradan yola çıxıb. Mən düşünürəm ki, ümumiyyətlə hər hansı nəsnənin həyatımıza mənfi təsiri olmaması labüd hal deyil, bu ola bilər. Çünki heç bir məfhum birtərəfli olaraq xeyrə xidmət eləmir. Bu, düşünürəm ki, bizim özümüzün baxış bucağımızdan da çox asılıdır. Əgər hansısa bir nəsnə bizə mənfi təsir edirsə, biz bununla mübarizə aparmağı deyil, onu kompensasiya etməyi düşünməliyik.Eləcə də texnologiyalar. Müasir texnologiyalar həyatımıza inteqrasiya olubsa, bu o deməkdir ki, bizim buna ehtiyacımız var. Ehtiyacımız olmayan bir şey zatən kəşf edilməzdi. Amma təqdimatda bir çətinlik var, düşünürəm. Təqdimat düzgün olunmur və bəzi məlumatları sadəcə qulaqdan-qulağa ötürülərək eşidirik. Dəqiq təqdimat olmadığı üçün əvvəlcə hər hansı nəsnələrə aqressiv münasibət göstərib onları həyatımıza daxil etməməyə çalışırıq. Sonra isə bununla mübarizə aparıb enerji itirəndən sonra onun mənfi cəhətlərini qabardırıq. Demək olar ki, proseslər mərhələli şəkildə eyni istiqamətdə gedib.Ona görə də hər şey bizdə başladığı kimi, bizdə də bitəcək. Əgər bizim texnologiyalara münasibətimiz dəyişsə, texnologiyanın faydalı tərəflərini görməyi seçsək, ümumiyyətlə ətrafımızda mövcud olan hər bir vəziyyətin, əşyanın və kəşfin insan üçün əhəmiyyətini görüb ondan yararlansaq, düşünürəm ki, mübarizəyə daha az vaxt sərf edərik”.

 


Psixoloq qeyd edib ki, asılılıq təkcə texnologiyalardan qaynaqlanmır, bu, insanın şəxsiyyət tipi ilə bağlıdır və uşaqlar da valideynlərinin davranışlarını təkrarlayaraq həmin vərdişləri mənimsəyirlər:

 


“Asılı insanlar, asılı şəxsiyyət tipləri təkcə texnologiyalardan deyil, hər hansı başqa nəsnələrdən də asılı olurlar. Yəni texnologiya bu qədər inkişaf edib həyatımıza daxil olana qədər də bu məsələlər labüd idi, var idi. İnsan asılı şəxsiyyət tipidirsə, zatən nədənsə asılı olacaq və o, öz asılılığı ilə işləməlidir.


Bundan başqa, əgər uşaqları və yeniyetmələri müzakirə ediriksə, belə bir məsələ də var ki, onlar bizi təkrarlayırlar. Valideyn olaraq etdiyimiz hərəkətlər, davranışlar, nəyə daha çox vaxt ayırırıqsa, övladlarımız da vaxtlarını daha çox həmin şəkildə keçirməyi seçirlər”.

 


Mövzu ilə psixoloq Helin Şadfar da öz fikirlərini “İnformator.az” ilə bölüşüb. O bildirib ki, texnologiya həyatımızın ayrılmaz hissəsi olsa da, ondan düzgün və ölçülü istifadə etmək, gündəlik fəaliyyətlə balans yaratmaq mənfi təsirlərin qarşısını almağa kömək edir:

 


“Texnologiya hazırda həyatımızın ayrılmaz bir parçasıdır. Çox əlçatan olduğundan artıq bir çox işi telefon və digər texnologiyalar vasitəsilə görürük. Təbii ki, müsbət tərəfləri olduğu qədər mənfi tərəfləri də mövcuddur. Əvvəla, bunu özümüz də ayırd etməliyik: texnologiyanın bizə nə dərəcədə müsbət, nə dərəcədə mənfi təsir etdiyini müəyyənləşdirməliyik. Əgər mənfi təsirlər müsbət təsirlərdən çoxdursa, artıq burada bir “dur” demək lazımdır.Müəyyən məqamları ayırd edib özümüzə limit qoymalıyıq. Məsələn, gündəlik beş saatlıq iş rejimim varsa və telefon buna mane olursa, artıq plan qurmalıyıq. Beş saat fasiləsiz işləmək insanı yorur və bu, normaldır. Ona görə də bir saat, yaxud saat yarım işləyib, daha sonra telefondan idarəli şəkildə istifadə etmək olar. Yəni istirahət forması insandan asılı olaraq dəyişə bilər”.

 


Psixoloq vurğulayıb ki, telefon asılılığının qarşısını almaq üçün gündəlik vaxtı planlaşdırmaq, özünə limit qoymaq və boş vaxtı kitab oxumaq, hobbilərlə məşğul olmaq və ya gəzinti kimi faydalı fəaliyyətlərlə dəyərləndirmək vacibdir:

 


“Telefonla həddindən artıq vaxt keçirmək təbii olaraq asılılıq yarada bilər. Bunun qarşısını almaq isə ilk növbədə iradədən və özünə limit qoymaqdan asılıdır. Bu sərhədlərə nə qədər əməl edə bildiyimiz, özümüzə nə qədər “yox” deyə bildiyimiz və iradəmizin nə qədər güclü olduğu burada əsas rol oynayır. İlk növbədə bunu anlamalıyıq.

Gün planlı qurulmalıdır. Məsələn, boş vaxtımızı yalnız telefonla keçirməyimiz və bütün diqqətimizi texnologiyaya yönəltməyimiz artıq mənfi təsir yarada bilər. Çünki asılılıq varsa, səhərdən axşama qədər televizor qarşısında qalmaq və ya PlayStation oynamaq da eyni nəticəni verə bilər. Buna görə də günün dolu keçməsi üçün vaxtı düzgün planlaşdırmaq vacibdir.


Məsələn, səhər oyanıb yeməyimizi yeyirik, daha sonra əsas fəaliyyətimizlə məşğul oluruq. Bu, kompüter arxasında görülən iş də, ev işi də ola bilər. Sonra isə xoşumuza gələn hobbilərlə məşğul ola bilərik. Burada yeniliklər xüsusilə önəmlidir. Telefonu nə ilə əvəz edə biləcəyimizi düşünməliyik. Məsələn, kitab oxumaq, rəsm çəkmək və ya bizə fayda verəcək digər məşğuliyyətlər seçə bilərik. Hətta parkda gəzmək də müsbət təsir göstərə bilər”.


Texnologiyadan sağlam istifadə üçün əsas şərt, istirahəti yalnız telefonla məhdudlaşdırmamaq, digər fəaliyyətlərə də vaxt ayırmaq və bunu istək və zövqlə etməkdir",- deyə qeyd edib.


“Əsas məsələ bunları istəyərək, zövq alaraq etməkdir. Əgər özümüzü məcbur etsək, amma bunu istəməsək, davam etdirmək çətin olar. Bu isə müəyyən qədər insanın müqavimətindən və iradəsinin gücündən asılıdır.


Sağlam balans dedikdə əsas fəaliyyətlərimizə və texnologiyaya ayırdığımız vaxt arasında tarazlıq nəzərdə tutulur. İstirahət təkcə texnologiyadan istifadə demək deyil. İstirahət uzanmaq, kofe içmək, parkda gəzmək, dostlarla vaxt keçirmək və ya telefonla vaxt keçirmək də ola bilər. Bu isə daha çox şəxsi seçimdən asılıdır”.


Psixoloqun sözlərinə görə, telefon istifadəsi gündəlik həyata mane olmadıqda problem sayılmasa da, diqqəti yayındırıb asılılıq yaratdıqda, xüsusilə uşaqlarda valideyn nəzarəti və planlı, aktiv həyat tərzi bu riskin azalmasına kömək edir:


“Əgər telefonla keçirilən vaxt gündəlik fəaliyyətimizə, işimizə və ailə həyatımıza mane olmursa, bunu problem hesab etmək olmaz. Amma daim gələn bildirişlər və mesajlar diqqətimizi yayındırırsa, bu artıq problemdir. Məsələn, uşaqlarda Roblox kimi oyunlara meyl artdığı üçün dərslərinə kifayət qədər vaxt ayırmırlar. Daha çox uşaqlarda bu problemlər müşahidə olunur, sonradan isə asılılıq formalaşıb bütün günü telefonda vaxt keçirirlər və çölə çıxmaq istəmirlər. Burada əsas məsuliyyət valideynlərin üzərinə düşür. Onlar bu balansı qorumağa çalışmalıdırlar. Çünki uşaqlar bunu tam dərk etməyə bilər və bu vərdişi təkbaşına formalaşdırmaları çətin olar.


Telefon asılılığı böyüklərdə də müşahidə oluna bilər. Bu da insanın iradəsindən və gündəlik həyat keyfiyyətindən asılıdır. Günün nə qədər hissəsini özümüzə, işimizə və digər faydalı fəaliyyətlərə ayırdığımız böyük əhəmiyyət daşıyır.


Əslində, həyatımız planlı və dolu keçirsə, telefona ehtiyac da azalır. Fors-major halları istisna olmaqla, istirahəti təkcə telefonla keçirmək vacib deyil. Diqqətimizi başqa fəaliyyətlərə də yönəldə bilərik. Qısacası, həyatımız nə qədər dolu keçirsə, telefona bir o qədər az ehtiyac duyuruq”.


Aydan Əsgərxanlı

#risk #texnologiyadan #baki #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər