“Ramayana” böyük ekranlara gəlir: Hindistanın “Odisseyası” qlobal hadisəyə çevrilə bilər
Hindistanın ən məşhur qədim dastanlarından biri olan “Ramayana” bu il iki hissədən ibarət, nəhəng büdcəli film layihəsi kimi böyük ekranlara gəlməyə hazırlaşır. Layihənin yaradıcıları filmin qlobal miqyasda böyük hadisəyə çevriləcəyinə ümid edirlər.
Qədim hind poeması “Ramayana”nın ilk hissəsinin noyabr ayında, hindu Diwali festivalı ərəfəsində dünya üzrə nümayişə çıxarılması planlaşdırılır. Film Hindistan kinosu üçün rekord sayılan büdcə ilə ərsəyə gətirilir.
“Ramayana”nın eramızdan əvvəl IV əsrdə şair və maharşi Valmiki tərəfindən yazıldığı hesab edilir. Təxminən 24 min şlokdan (beytdən) ibarət əsərin əsas qəhrəmanı Rama-hinduizmdə qoruyucu tanrı Vişnunun avatarıdır. Hadisələr Rama ilə həyat yoldaşı Sitanın ətrafında cərəyan edir. Şər qüvvələrin təmsilçisi olan Lanka kralı Ravana Sitani qaçırır və Rama onu xilas etmək üçün mübarizəyə başlayır.
Dastan daha əvvəl də dəfələrlə ekranlaşdırılıb və dünyada iki milyarddan çox insanın “Ramayana” hekayəsi ilə tanış olduğu düşünülür. Lakin yeni ekranlaşdırma miqyası və texnoloji imkanları ilə əvvəlki layihələrdən fərqlənir.
Filmdə Hindistanın tanınmış aktyorları Ranbir Kapur Rama, Yaş isə Ravana obrazını canlandırır. Layihənin beynəlxalq distribütorluğunu Sony Pictures öz üzərinə götürüb. Filmin musiqiləri üzərində isə Hollivud bəstəkarı Hans Zimmer və Hindistanın məşhur bəstəkarı AR Rahman çalışırlar.
Yaradıcı heyət qədim hind dastanını müasir kino texnologiyaları ilə birləşdirərək “Ramayana”nı yalnız Hindistanda deyil, bütün dünyada böyük tamaşaçı auditoriyasına çatdırmağı hədəfləyir.
Güllər Gülhüseynova