Ramazandan sonra düzgün qidalanma: Nələrə diqqət yetirməliyik?
Ramazan ayından sonra orqanizmin qidalanma rejiminə düzgün şəkildə qayıtması sağlamlıq baxımından olduqca vacibdir. Mütəxəssislər bildirirlər ki, uzun müddət ac qalmağa öyrəşmiş həzm sistemi birdən-birə ağır və çox qidaya keçidi yaxşı qəbul etmir.
Mövzu ilə bağlı dietoloq Ləman Süleymanova “İnformator.az” a açıqlamasında bildirib ki, Ramazan ayından əvvəl mütəxəssislər olaraq insanlara tövsiyə edirik ki, fərqli rejimə keçməzdən öncə orqanizm mütləq buna hazırlanmalıdır:
“Bu hazırlıq yuxu rejiminin tənzimlənməsi, səhər erkən durmaq, kifayət qədər maye qəbulu və düzgün qidalanmanı əhatə edir. Ramazan ayı bitdikdən sonra isə orqanizmin yenidən əvvəlki rejimə uyğunlaşması üçün diqqətli olmaq vacibdir, çünki bir ay ərzində insanlar fərqli həyat tərzinə uyğunlaşır səhər imsak edib gün boyu ac qalır, axşam isə iftar edirlər. Qeyd etmək lazımdır ki, Ramazan zamanı düzgün qidalanmayan insanlar sonradan daha çox çətinlik yaşayırlar. Ən çox buraxılan səhvlərdən biri imsaka durmamaqdır, halbuki imsak orqanizmin gün ərzində enerji balansını qoruması üçün çox vacibdir. Bəzi insanlar isə iftara yaxın yatıb yalnız iftar vaxtı oyanır və fasiləsiz şəkildə qidalanırlar ki, bu yanaşma nə tibbi, nə də sağlam həyat tərzi baxımından düzgün deyil və müxtəlif problemlərə səbəb olur. Ramazandan sonra, xüsusilə, bayram dövründə qidalanmaya diqqət daha da vacib olur. Novruz bayramı ilə Ramazan bayramının üst-üstə düşdüyü hallarda süfrələrdə çoxlu şirniyyat və ağır yeməklər yer alır ki, bu da həssaslaşmış həzm sisteminə əlavə yük yaradır. Buna görə də normal rejimə keçmək üçün bəzi qızıl qaydalara əməl etmək lazımdır: səhər tezdən oyanmaq və mütləq səhər yeməyi yemək, gün ərzində kifayət qədər maye qəbul etmək, günorta yeməyini normal, axşam yeməyini isə daha yüngül qəbul etmək və axşam saatlarında ağır qidalardan uzaq durmaq. Çünki yaz-yay mövsümünə keçid zamanı axşam qidalarının həzmi daha da ləngiyir. Xüsusilə, iftarda həddindən artıq qidalanan insanlarda sonradan mədə-bağırsaq problemləri daha çox müşahidə olunur. Şəkər xəstələri, təzyiq problemi olanlar və həzm sistemi həssas olan şəxslər bu dövrdə daha diqqətli olmalıdırlar. Yeməkdən təxminən yarım saat sonra bitki çayları içmək və açıq havada gəzmək isə həm həzmi yaxşılaşdırır, həm də orqanizmdə oksigen mübadiləsini tənzimləyir”.
Selcan Xudiyeva