Ərdoğan: Hörmüz boğazının bağlanması Avropada enerji qiymətlərini kəskin artırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, dünya neftinin təxminən 20 faizinin və təbii qazın mühüm hissəsinin daşındığı Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, problem təkcə enerji resursları ilə məhdudlaşmır; boğaz vasitəsilə həm də dərman və digər zəruri məhsullar daşınır. Ərdoğan İranın bu addımının nəticələrinin Avropada neft və qaz qiymətlərinin kəskin bahalaşmasında özünü aydın büruzə verdiyini qeyd edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən politoloq Xaqani Cəfərli Türkiyə liderinin fikirlərinə münasibət bildirərkən bəzi məqamlara aydınlıq gətirib:
"Bu fikirlər həqiqəti yalnız qismən əks etdirir. Belə ki, Hörmüz boğazı tam bağlanmayıb. Məsələn, ötən həftəsonu - 4-5 aprel tarixlərində boğazdan 21 gəmi keçib ki, bu da mart ayının əvvəlindən bəri qeydə alınan ən yüksək iki günlük göstəricidir. Digər tərəfdən, təbii qazın böyük hissəsinin məhz bu marşrutla daşınması iddiası da tam dəqiq deyil. Əlbəttə, boğazın statusundan asılı olmayaraq, istənilən hərbi gərginlik istehsal və logistikada problemlər yaradır, bu isə təbii olaraq qiymətləri artırır".
Politoloq həmçinin qeyd edib ki, Türkiyə rəsmiləri və mediası İrana qarşı hərbi əməliyyatları daha dramatik rənglərlə təsvir etməyə meyillidir:
"Azərbaycan mediasının Türkiyə mənbələrindən gələn məlumatları olduğu kimi tirajlamaqdan çəkinməsi daha faydalı olardı. İqtisadiyyat kifayət qədər dözümlü və canlı sistemdir; hətta dünyanı bürüyən pandemiyalar belə onu tam çökdürə bilməyib. Bu baxımdan, Türkiyənin hadisələri həddindən artıq tünd rənglərdə təqdim etməsi, nəticə etibarilə, onun öz nüfuzuna zərər verə bilər".
Mələk Hüseynova