00:00:00
Yazar
Elmira Ağayeva
07.07.2026 15:59 29 3 dəq oxuma
Siyasət

Ərdoğan NATO-nun baş katibi Mark Rütte ilə qapalı görüş keçirib

Ərdoğan NATO-nun baş katibi Mark Rütte ilə qapalı görüş keçirib

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rütte ilə Prezident İqamətgahında görüşüb. Mətbuata qapalı keçirilən görüşdə regional təhlükəsizlik məsələləri, NATO-Türkiyə əməkdaşlığı və alyans daxilində mövcud çağırışların müzakirə edildiyi ehtimal olunur.

 


Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Ərdoğanın NATO-nun Baş katibi ilə keçirdiyi qapalı görüş alyansın qarşılaşdığı mürəkkəb təhlükəsizlik mühitində xüsusi diqqət çəkən diplomatik hadisələrdən biri kimi qiymətləndirilə bilər:

 

 

“Görüşün tam detalları ictimaiyyətə açıqlanmayıb, amma mövcud regional və beynəlxalq proseslər nəzərə alındıqda, əsas müzakirə mövzularının NATO-nun cənub cinahının təhlükəsizliyi, Qara dənizdə vəziyyət, Yaxın Şərqdə artan gərginlik, müdafiə sənayesi əməkdaşlığı və Türkiyənin alyans daxilindəki strateji rolu ilə bağlı olduğu ehtimal edilə bilər. Məlumdur ki, son illər Türkiyənin xarici siyasəti daha çox strateji muxtariyyət prinsipi üzərində formalaşıb. Ankara NATO üzvü olaraq alyans qarşısındakı öhdəliklərini qoruyub saxlasa da, eyni zamanda regional məsələlərdə müstəqil qərarvermə imkanlarını genişləndirməyə çalışır. Türkiyənin Suriya, İraq, Liviya, Cənubi Qafqaz və Şərqi Aralıq dənizində həyata keçirdiyi siyasət, həmçinin Rusiya və Ukrayna ilə paralel dialoq mexanizmlərini qoruması onun klassik blok siyasətindən fərqli yanaşma nümayiş etdirdiyini göstərir. Bu model zaman-zaman NATO daxilində fikir ayrılıqları yaratsa da, digər tərəfdən Türkiyənin diplomatik vasitəçilik potensialını və regional təsir imkanlarını da artırır.


Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Türkiyənin balanslaşdırılmış siyasəti NATO üçün əhəmiyyətli alətə çevrilib. Ankara həm Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, həm də Rusiya ilə siyasi və iqtisadi dialoqu davam etdirərək müəyyən kommunikasiya kanallarını açıq saxlayır. Bu xüsusiyyət Türkiyəni alyans daxilində fərqli mövqeyə malik aktora çevirir və NATO üçün bəzi böhranların idarə olunmasında əlavə diplomatik imkan yaradır. Ərdoğan-Rütte görüşünün NATO-nun Yaxın Şərq və Qara dəniz strategiyalarına da müəyyən təsir göstərə biləcəyi istisna deyil. Yaxın Şərqdə davam edən qeyri-sabitlik, İran ətrafında təhlükəsizlik riskləri, Suriyada terror təşkilatlarının fəaliyyəti və miqrasiya problemləri NATO-nun cənub cinahında yeni təhlükəsizlik konsepsiyalarının formalaşdırılmasını zəruri edir. Türkiyə isə həm coğrafi mövqeyi, həm də hərbi imkanları baxımından bu strategiyanın əsas dayaqlarından biri hesab olunur. Qara dəniz hövzəsində isə Montrö Konvensiyasının icrası, dəniz təhlükəsizliyi və regional balansın qorunması məsələlərində Ankaranın rolu əvəzolunmaz olaraq qalır.
Bu görüş eyni zamanda NATO-Türkiyə münasibətlərində qarşılıqlı strateji asılılığın davam etdiyini göstərən siyasi mesaj kimi də qiymətləndirilə bilər. Son illərdə bəzi məsələlər üzrə fikir ayrılıqları yaşansa da, alyans Türkiyənin geostrateji mövqeyini, güclü hərbi potensialını və regional təsir imkanlarını nəzərə alaraq Ankara ilə sıx əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Türkiyə isə NATO çərçivəsində təhlükəsizlik zəmanətlərini qorumaqla yanaşı, müdafiə sənayesi, kəşfiyyat əməkdaşlığı və yeni təhlükəsizlik çağırışlarına qarşı kollektiv fəaliyyət mexanizmlərinin inkişafına xüsusi əhəmiyyət verir. Odur ki, Ərdoğan və Rütte arasında keçirilən qapalı görüş NATO-nun dəyişən təhlükəsizlik arxitekturasında Türkiyənin rolunun yenidən təsdiqlənməsi kimi qiymətləndirilə bilər”.

 

Mələk Hüseynova

#qapalı #mark #xəbər #görüş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər