Ərdoğan Trampla ABŞ-də görüşmək istəyir- ŞƏRH
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan iyunun sonunda ABŞ Prezidenti Donald Tramp ilə görüşməyi planlaşdırır. Məlumata görə, görüş ABŞ-Türkiyə futbol matçı çərçivəsində baş tuta bilər və tərəflər regional məsələləri, həmçinin NATO sammitinə hazırlığı müzakirə edəcəklər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Pərviz Mirizadə bildirib ki, Türkiyə və Birləşmiş Ştatlar arasında münasibətlər zaman-zaman müxtəlif məsələlər fonunda gərginləşsə də, Vaşinqton üçün Ankara hələ də regionda əsas müttəfiqlərdən biri hesab olunur:
“Xüsusilə, heç kimə sirr deyil ki, Birləşmiş Ştatlar Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi münasibətləri kifayət qədər yüksəkdir və bunu bir çox hallarda qeyd edib. Bu mənada ikili arasında görüşün keçirilməsi xüsusi diqqət çəkir. Mövcud geosiyasi dinamikanı nəzərə aldıqda Donald Tramp və Rəcəb Tayyib Ərdoğanın müzakirə edəcəyi mövzular olduqca geniş və əhatəlidir. Bura Yaxın Şərqdə baş verən geosiyasi proseslər, İran ətrafında formalaşan hərbi-siyasi dinamika, paralel olaraq Türkiyə İsrail arasında ilə gərginləşən əlaqələr və Təl-Əvivin Ankara ilə kəsişən maraqları, Türkiyənin digər qonşusu Yunanıstan ilə adalar məsələsində artan siyasi gərginliyi və s. Göründüyü kimi ehtimal olunan danışıqlar portfeli geniş və strateji əhəmiyyət kəsb edən məsələlərdir. Təbii ki, gözlənilən görüş zamanı təkcə regional məsələlərin müzakirəsi ilə yekunlaşmayacaq. Ankara və Vaşinqton arasında həllini gözləyən məsələlər var və onlardan ilki məhz F 35 döyüş təyyarələri ilə bağlıdır. Bilindiyi kimi Türkiyə uzun müddətdir sözügedən döyüş təyyarələrini vəsaitini ödəsə belə Rusiyadan S 400 HHM sistemlərinin alınmasını əsas gətirələrək əldə edə bilmir. Bu səbəbdən iki ölkə arasında bu mövzu və ümumilikdə hərbi sahədə əməkdaşlıq məsələləri masaya yatırılacaq”.
Gövhər Mehyəddinova