Ərdoğan və Şərifdən islam həmrəyliyi mesajı
Pakistanın Baş naziri Şahbaz Şərif ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığında ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər. Tərəflər Qurban bayramı münasibətilə bir-birini təbrik edib, ticarət, investisiya və regional əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Həmçinin terrorizmə qarşı birgə mübarizə və regionda sülhün, sabitliyin qorunmasına sadiqlik vurğulanıb.
Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Pakistan və Türkiyə liderləri arasında baş tutan son telefon danışığı iki ölkənin strateji müttəfiqliyinin, islam həmrəyliyinin və regional əməkdaşlığın davamlı şəkildə gücləndiyini nümayiş etdirir:
“Pakistanın Baş naziri Şahbaz Şərif ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan sonuncu telefon danışığı, heç şübhəsiz ki, hər iki ölkədə yüksək səviyyədə qeyd olunan islam aləminin ən ümdə bayramlarından biri - Qurban bayramı ilə bağlı qarşılıqlı təbrikləşmə və həm də dünya birliyinə, islam aləminə verilmiş bir mesaj kimi oxunmalıdır. Tərəflər arasında ticarət və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, regional məsələlərin və ikitərəfli münasibətlərin müzakirə olunması, eləcə də terrorizmlə birgə mübarizə istiqamətində verilən mesajlara, bunların heç biri yeni deyil. Türkiyə və Pakistan arasında bu sadalanan istiqamətlərdə çox geniş və uzun illərə söykənən iş birliyi mövcuddur. Bu münasibətlərin bayram təbriki zamanı bir daha xatırlanması o deməkdir ki, hər iki tərəfin ali siyasi iradəsi əlaqələrin gedişindən məmnundur və onun inkişafında maraqlıdır".
Politoloq qeyd edib ki, Türkiyə, Pakistan və Azərbaycanın üçtərəfli hərbi-siyasi tərəfdaşlığı, xüsusilə regional təhlükəsizliyin təmini və İran ətrafındakı münaqişədə atəşkəsin əldə olunması hər iki qardaş dövlətin xarici siyasətinin ən böyük uğurlarındandır:
“Bildiyiniz kimi, Türkiyə-Pakistan münasibətləri son illər həm də üçtərəfli bir məzmun alıb. Burada söhbət Azərbaycan, Türkiyə və Pakistan arasındakı üçtərəfli formatdan gedir. Elə sonuncu üçtərəfli görüş də Azərbaycanın işğaldan azad olunan ərazisi olan Laçın rayonunda, yeni istifadəyə verilən Laçın aeroportu ərazisində verilən birgə mesajdır. Bununla paralel, həm də hər üç ölkənin birgə hərbi təlimləri keçirilir, o cümlədən hər üç dövlətin parlamentləri səviyyəsində də qarşılıqlı əməkdaşlıq və etimad mövcuddur.Bu baxımdan, hər iki liderin telefon danışığında verilmiş mesajlar, qeyd etdiyim kimi, yenilik deyil, uzun illərin reallığıdır. Türkiyə-Pakistan münasibətlərinin regionda, xüsusilə İran ətrafında yaşanan son gərginliklər fonunda İrandakı ağır hərbi əməliyyatların dayandırılması və əvəzində 40 gündən artıqdır davam edən hazırkı atəşkəs müddətinin təmin olunmasındakı rolu məhz qardaş Türkiyə və qardaş Pakistan dövlətlərinin xarici siyasətinin uğuru kimi qiymətləndirilə bilər. Təkcə bu məsələ yox, bütövlükdə regional mövzuların qarşılıqlı əməkdaşlığa və regional təhlükəsizliyə xidmət etməsi hər iki ölkənin dövlət siyasətinin prioritetlərinə daxildir. Hər iki lider bu bayram təbriki zamanı öz dövlətlərinin prinsiplərini dünya birliyinə və islam aləminə bir daha nümayiş etdirilib”.
Aydan Əsgərxanlı