Ərdoğandan Aİ-yə mesaj: "Üzvlük artıq Brüsselin iradəsindən asılıdır"
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Aİ-yə qəbul olunmaması Ankaradan yox, Brüsselin strateji baxışından asılıdır. O qeyd edib ki, Avropa İttifaqı qlobal gücə çevrilmək üçün Türkiyənin üzvlüyünə ehtiyac duyur.
Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov “İnformator.az”a bildirib ki, Türkiyənin Avropa Birliyinə qəbuluna həm Brüsselin strateji çəkinmələri və Kipr problemi, həm də ölkədəki demokratik və hüquqi uyğunsuzluqlar mane olur:
“Türkiyənin Avropa Birliyinə qəbul olunmamasının əsas səbəbi təkcə Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi Brüsselin strateji baxışları ilə əlaqədar deyil. Eyni zamanda burada siyasi məsələlər də var: Türkiyənin Avropa standartlarına uyğunsuzluğu, hüququn aliliyinin təmin olunmaması, məhkəmə müstəqilliyində müəyyən problemlər və media ilə bağlı sıxıntılar buna misaldır. Bundan əlavə, Kipr məsələsi və digər amillər də Türkiyənin Avropa Birliyinə qəbuluna mane olan əsas səbəblərdəndir. Türkiyənin Avropa İttifaqına üzvlüyünün bu qədər gecikdirilməsi həm daxili standartların uyğunlaşmaması, həm də Avropanın strateji qorxuları ilə bağlıdır. İlk növbədə, Avropa İttifaqı 85 milyon əhalisi olan, böyük hərbi və iqtisadi potensiala malik bir dövləti öz sıralarına qəbul etməyə ciddi çəkinmə ilə yanaşır”.
Politoloq qeyd edib ki, Türkiyənin Avropa İttifaqına üzvlüyünün gecikməsi ölkəyə müstəqil və balanslı siyasət imkanı qazandırsa da, investisiya, texnologiya transferi və bazara inteqrasiya baxımından iqtisadi çətinliklər yaradır:
“Bu gecikmə bir tərəfdən Türkiyə üçün müsbət imkanlar da yaradır: ölkə öz müstəqilliyini qoruyur və balanslı xarici siyasət yeridir. Ancaq mənfi tərəflər də az deyil: Avropa bazarına inteqrasiyanın ləngiməsi, xarici investisiya cəlbindəki çətinliklər və texnologiya transferindəki problemlər iqtisadi duruma mənfi təsir göstərir”.
A. Səmədov vurğulayıb ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü yaxın 15-20 ildə problemli görünsə də, gələcək qlobal dəyişikliklər Brüsselin öz baxışlarını yenidən nəzərdən keçirərək prosesi sürətləndirməsinə səbəb ola bilər:
“Bütövlükdə, yaxın 15-20 ildə Türkiyənin üzvlüyü hələ ki problemli görünür. Lakin gələcəkdə elə qlobal dəyişikliklər baş verə bilər ki, Avropa İttifaqı öz baxışlarını reviziya edərək bu prosesi sürətləndirsin”.
Aydan Əsgərxanlı