Ərdoğandan İsrailin qərarına sərt reaksiya – “Tariximizdə soyqırımı olmayıb”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Nazirlər Kabinetinin qondarma “erməni soyqırımı”nı tanımaq qərarına ilk dəfə münasibət bildirib.
Ərdoğan çıxışında Türkiyənin tarixində soyqırımı, qətliam, zülm və müstəmləkəçilik olmadığını vurğulayıb. O qeyd edib ki, Türkiyə tarix boyu zülmə məruz qalan xalqlara yardım göstərib və ölkəsinə sığınan insanlara qucaq açıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Ərdoğan haqlı olaraq deyir ki, bizim tariximizdə zülm, qətliam və soyqırım yoxdur:
"Uydurulan soyqırımı isə illərdir Türkiyəyə təzyiq kimi istifadə olunub. Hətta, bu qondarma ifadəni gündəmə gətirən ölkələrin özlərinin arxivlərində belə bir hadisə olmadığı faktlarla göstərilir. Ən əsası “erməni soyqırımı”nın uyğurma olduğunu indi yavaş-yavaş Ermənistanın özündə də etiraf edilməyə başlayıblar. Elə Paşinyanın məsələyə son reaksiyası bunun sübutudur. Əgər soyqırımı tezisindən Ermənistanın özü imtina edirsə, deməli hasısa parlamentdə verilən qərarın heç bir əhəmiyyəti yoxdur. Bu baxımdan düşünürəm ki, İsrail qondarma soyqırımı tanımaqla strateji səhvə yol verib. Regionda Türkiyə ilə düşmənçilikdə heç kimin qazancı olmaz. Buna görə də, Türkiyə ilə dost olmağa çalışmaq lazımdır. İsrail və Türkiyənin regiona baxışlarında fikir ayrılıqları ola bilər, amma fikrimcə bunu müzakirə ilə həll etmək mümkündür".
Aişə Mustafayeva