Regional bazar genişlənir
Azərbaycandan Ermənistana benzin və taxıl idxalına paralel olaraq, şəkər idxalı məsələsi ilə bağlı da danışıqlar və işlər aparılır.
Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, hələ ki Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsi çox kiçik rəqəmlərlə ölçülür:
“Söhbət bir neçə yüz min dollardan gedir. Yəni bunun böyük həcmlərə çatmasına zaman var. Çünki texniki problemlər mövcuddur. Bu problemlər banklararası köçürmələr və sığorta məsələlərinin hələ tam həllini tapmaması ilə bağlıdır. Çətinliklər aradan qaldırıldıqdan sonra bu proses təbii ki, regionun iqtisadi inkişafına, eləcə də iki ölkə arasında dayanıqlı sülhün formalaşmasına xidmət edəcək. Nəticə etibarilə, bu gedişat regionda sülhün, əmin-amanlığın və iqtisadi əməkdaşlığın təməlinin daha da möhkəmlənməsinə xidmət edir. Şəkər məsələsinə gəldikdə isə, əgər daxili bazarda şəkər Ermənistandan daha baha satılacaqsa, təbii ki, onu Ermənistana göndərmək sərfəli olmaz. Biznesin qaydası budur. Əgər sərf edərsə, iş adamları ora mal göndərməyə və ya oradan mal almağa çalışacaqlar. Yəni bu məsələlərə biznes özü öz yanaşması ilə aydınlıq gətirəcək”.
Aytac İbrahimova
