00:00:00
Yazar
Zəhra Həsənova
02.06.2026 19:09 31 2 dəq oxuma
İqtisadiyyat

Regional elektrik bazarı Mərkəzi Asiyaya 30 milyard dollarlıq qazanc vəd edir

Regional elektrik bazarı Mərkəzi Asiyaya 30 milyard dollarlıq qazanc vəd edir

Regional Elektrik Bazarının İnteqrasiyası və Ticarəti (REMIT) təşəbbüsü Mərkəzi Asiya və region ölkələri üçün mühüm iqtisadi perspektivlər vəd edir. Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə enerji təcrübəsi meneceri Stephanie Gil bildirib ki, layihə 2050-ci ilə qədər iştirakçı ölkələrə 15-30 milyard dollar həcmində iqtisadi fayda gətirə bilər. Təşəbbüs enerji sistemlərinin inteqrasiyasını, ortaq elektrik bazarının formalaşdırılmasını və ölkələr arasında enerji ticarətinin genişləndirilməsini nəzərdə tutur.

 

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “İnformator.az”a açıqlamasında qeyd edib ki, regional elektrik bazarı Azərbaycan üçün enerji gəlirlərinin şaxələndirilməsi baxımından mühüm imkanlar açır:

 

“Hazırda Azərbaycan əsas gəliri neft və qaz ixracından əldə edir. Birləşmiş elektrik bazarı isə elektrik enerjisini də ixrac məhsuluna çevirir. Günəş və külək elektrik stansiyalarında istehsal olunan artıq enerjinin Gürcüstan və Türkiyə üzərindən Mərkəzi Asiya və Avropa bazarlarına çıxarılması mümkün olacaq. Eyni zamanda, yay aylarında artıq enerji satmaq, qışda isə çatışmayan gücü qonşu ölkələrdən almaq imkanları yaranır. Bu model gəlirlərin yalnız hasilatdan deyil, həm də tranzit və enerji ticarətindən formalaşmasına şərait yaradır”.

 

Onun sözlərinə görə, REMIT təşəbbüsü bərpa olunan enerji layihələrinə investisiyaların cəlb edilməsini də sürətləndirə bilər:

 

“İnvestorlar artıq təkcə Azərbaycanın daxili bazarına deyil, 8-10 ölkəni əhatə edən daha geniş bazara çıxış əldə edirlər. Bu isə Qobustan və ya Kəlbəcərdə həyata keçirilən külək enerjisi layihələrinin kommersiya risklərini azaldır. Dünya Bankının qiymətləndirmələrinə əsasən, regional inteqrasiya nəticəsində bərpa olunan enerjinin enerji balansındakı payı əlavə 20 faiz arta bilər. Çünki bir ölkədə istehsal olunan enerji digər ölkələrin tələbatını qarşılamaq üçün istifadə edilə bilər. Belə mexanizm hər bir ölkənin ayrıca ehtiyat güc saxlaması zərurətini azaldır və layihələrin rentabelliyini yüksəldir.
Ortaq elektrik bazarı qiymət sabitliyinin təmin olunmasına və enerji təhlükəsizliyinin güclənməsinə də töhfə verəcək. Tək bir ölkədə quraqlıq, qaz təchizatında problem və ya texniki qəza baş verdikdə enerji qiymətlərində kəskin artımlar müşahidə oluna bilər. Regional bazarda isə bu cür risklər digər ölkələrin enerji resursları hesabına balanslaşdırılır. Nəticədə istehlakçılar daha sabit enerji təchizatı və daha proqnozlaşdırıla bilən qiymətlərlə təmin olunur. Bundan əlavə, bazarda rəqabətin artması həm dövlət, həm də özəl enerji şirkətlərini daha səmərəli fəaliyyət göstərməyə sövq edir ki, bu da uzunmüddətli perspektivdə istehlakçıların xərclərinin azalmasına səbəb ola bilər”.

Qeyd edək ki, Dünya Bankının qiymətləndirmələrinə əsasən, regional enerji əməkdaşlığının genişlənməsi enerji təhlükəsizliyinin, dayanıqlılığın və iqtisadi rəqabət qabiliyyətinin güclənməsinə mühüm töhfə verəcək.

Fatimə Hüseynli

#asiyaya #dollarlıq #bazarı #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər