Regionlardan paytaxta miqrasiya nəqliyyat sisteminə təzyiqi artırır
Son illərdə regionlardan Bakıya miqrasiyanın sürətlənməsi paytaxtın nəqliyyat sisteminə ciddi təzyiq göstərir. Artan əhali sıxlığı nəticəsində yollarda tıxaclar çoxalıb, ictimai nəqliyyat vasitələri həddindən artıq yüklənib, mövcud infrastruktur isə bu dinamikanı qarşılamaqda çətinlik çəkir. Mütəxəssislər bildirirlər ki, vəziyyətin yaxşılaşdırılması üçün kompleks islahatlar və yeni nəqliyyat layihələrinin həyata keçirilməsi zəruridir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev "İnformator.az"a açıqlamasında bildirib ki, bu məsələ çox geniş və kompleks bir mövzudur. Çünki bu, kompleks tədbirlər tələb edən bir prosesdir:
"İnsanların Bakıya axınının əsas səbəblərindən biri işsizlik, digəri isə sosial və yaşayış şəraitidir. Doğrudur, son illərdə demək olar ki, bütün rayon və kəndlərdə əsas kommunikasiyalar təmin olunub. Amma üç, beş və ya on il əvvəl bu şərait olmadığından, insanların şəhərə axını daha güclü idi. Nəticədə, bu proses artıq vərdiş halını alıb və bu gün də davam edir. Əgər desək ki, bu axının qarşısını sadəcə bir tədbirlə almaq mümkündür bu, doğru olmaz. Bunun üçün kompleks tədbirlər həyata keçirilməlidir: infrastrukturun bərpası, yeni iş yerlərinin yaradılması və insanların sosial rifahının artırılması vacibdir. Belə tədbirlər həyata keçirildikdən sonra insanlar şəhər mühitində yaşamaqdansa, öz doğma kəndlərində, ata-baba yurdlarında yaşamağı üstün tutacaqlar. Şəhərin tıxacından, tüstüsündən, sıxlığından uzaq, rahat və təbii şəraitdə yaşamaq onlar üçün daha məqsədəuyğun olacaq. Təbii ki, bu məsələ ilk növbədə maddiyyatla bağlıdır:
Ekspert həmçinin bunu da qeyd edib ki, insanların yaşadıqları yerdə işləmək imkanı olmalıdır, normal yaşayış səviyyəsini təmin edən maaş almalıdırlar:
"Bununla yanaşı, təbliğat və maarifləndirmə işi də aparılmalıdır. Yəni, iş yerləri artdıqca, rifah yüksəldikcə, kommunikasiya imkanları yaxşılaşdıqca, insanlar öz yerlərində qalmağa daha çox meyilli olacaqlar. Belə təşviqat məqsədli videoçarxlar və sosial layihələr də hazırlanmalıdır ki, vətəndaşlara bu istiqamətdə düzgün mesajlar ötürülsün. İnfrastruktur layihələrinə gəlincə, burada sovet dövrünün təcrübəsini xatırlamaq olar. O vaxt kəndlərdə iş yerləri, məktəblər, uşaq bağçaları, klublar və digər ictimai obyektlər mövcud idi. İnsanlar həm işləyir, həm də ictimai həyatda aktiv iştirak edirdilər. Kollektiv təsərrüfatlar, kolxoz və sovxozlar fəaliyyət göstərirdi. İndi isə həmin infrastrukturların bir qismi dağılıb və ya köhnəlib. Bu obyektlər bərpa edildikcə, yeni iş yerləri açılacaq, insanların ümidləri artacaq və bölgələrdə həyat yenidən canlanacaq".
Güllər Gülhüseynova
