Rənglərin dili
Rəssamlıq insanın daxili dünyasını rənglər və formalarla ifadə etdiyi ən qədim sənət növlərindən biridir. Müasir dövrdə rəssamlıq təkcə estetik dəyər daşımır, həm də sosial mesajların, ideyaların və emosiyaların çatdırılmasında mühüm rol oynayır.
Bu mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Professor Teymur Rzayev bildirib ki, dəstək az olduğu üçün sənətdə ayaqda durmaq çox çətindir:
“Bəzi insanlar məzun olduqdan sonra anında bu sənətə uyğunlaşa bilmir. Bəziləri isə özünü ifadə edə bilir. Bu insanın fiziki imkanlarına bağlıdır. Bəzi insanların əsərlərini cəmiyyət qarşılamır. Bu əsərləri ala biləcək koleksioner demək olar ki, yoxdur. Yanlış sənət siyasəti yürüdülür. Buna görə də bir çox istedadlı insanlar yox olub, heç olub itir. Çünki indi insanlar “üzssüz” olub. Özlərini reklam etməklə düşünürlər ki artıq məşhur olublar. Xalqın içində sənəti anlayan heç 5%-i əhatə etmir. Əlbəttə ki, nəticəni bele görən məzunlar sənətdən uzaqlaşır. Xüsusilə oğlanlar bu sənətdən uzaqlaşır. Çünki düşünürlər ki, rəssamlıqla həyatı davam etdirə bilməyəcək. Nə sığortası, nə düzgün pensiyaları var. Sənətə dəstək olmadığı müddətcə sənət sürünəcək. Xaricdə böyük şirkətlər bu sahəyə dəstək verir. Azərbaycanda isə belə bir şey yoxdur. Buna görə də özəlliklə gənc nəsli dəstəkləmək lazımdır”.
Həmçinin müsahibimiz bildirib ki, sənət dil ifasıdır:
“İnsanın ürəyindəki,düşüncəsindəki ifadə şəkilidir. Birinin qələmi çox gözəldir, biri özünü heykəllərlə ifadə edir və s. Sənətin fərqli sahələrində hər kəs özünü ifadə etməyə çalışır. Nəticədə əsərlər zamanın ələyindən keçir və klassikləşir. Hər bir sahədə bunun çox gözəl nümunələrini görə bilərik. Bizim sənət, təhsil sistemi sovetdən qalıb. Sovet isə bunu Avropadan götürüb. Avropada bəzi təhsil ocaqları vardır ki, biz onlarla əlaqəyə girib özümüzü yeniləməliyik ki, dünyaya açılaq”.
Eyni zamanda müsahibimiz bildirib ki, ən doğru üslub sənət tətbiq edən insanın ürəyindən axan duyğuların icrasıdır:
“Onu icra etdikcə üslub özlüyündən ortaya çıxmağa başlayır. Bir tək şəkil çəkməklə iş bitmir. Mütailə, dünyagörüşü, dünyadan xəbərdarlıq mütləq olmalıdır. Məsələn, Van Gogh heç vaxt düşünməyib ki, belə bir tərzdə şəkil çəkim. Bildiyi kimi çəkir və özünü ifadə edirdi. Beləcə də öz üslubu ortaya çıxmışdır. Bu hər rəssam üçün keçərlidir və hər birinin özünəməxsusluğu var. Sənətdə səmimilik vacibdir”.
Banuçiçək Məmmədova
