Robot “Lightning” Usain Boltun rekordunu geridə qoyub
Çinin “Honor” texnologiya şirkətinin hazırladığı robot “Lightning” 100 metr məsafəni 9,32 saniyəyə qət edərək dünya şöhrətli atlet Usain Boltun rekordunu geridə qoyub.
Çin dövlət mediasının məlumatına görə, “Lightning” qarşıdan gələn Dünya Humanoid Robot Oyunlarına hazırlıq çərçivəsində keçirilən sınaq mərhələsində bu nəticəyə imza atıb.
Qaçış zamanı saniyədə 14,5 metr maksimal sürətə çatan robot 100 metrlik məsafəni 9,32 saniyəyə başa vurub. Bununla da “Lightning” Usain Boltun 2009-cu ildə Berlində keçirilən dünya çempionatında müəyyənləşdirdiyi 9,58 saniyəlik dünya rekordunu geridə qoyub.
Robot yalnız qısa məsafədə sürəti ilə deyil, dözümlülüyü ilə də diqqət çəkib. Belə ki, “Lightning” bu ilin aprelində Pekində keçirilən 21 kilometrlik yarımarafon məsafəsini 50 dəqiqə 26 saniyəyə tamamlayıb. Bu nəticənin peşəkar kişi atletlərin dünya rekorduna uyğun tempdən belə yüksək olduğu bildirilib.
Mühəndislər qeyd ediblər ki, yarımarafon zamanı robotun boyu 169 santimetr, ayaqlarının uzunluğu isə 95 santimetr olub. Yeni turnir öncəsi robot üzərində mexaniki təkmilləşdirmələr aparılıb və ayaqlarının uzunluğu 10 santimetr artırılıb.
Nuray Əliyeva