ROBOTLAR DA BƏXŞİŞ İSTƏYİR
Robotlar artıq sadəcə xidmət göstərmir, müştəridən bəxşiş də istəyir. ABŞ-da robot barmen və baristalardan tutmuş özünəxidmət kassalarına qədər müxtəlif sistemlər ödəniş zamanı istifadəçiyə bəxşiş seçimi təqdim edir.
Las-Veqasdakı “The Tipsy Robot” barında iki robot qol kokteylləri hazırlayır. 17 dollarlıq içkinin hesabına isə əlavə 10 faiz “xidmət haqqı” da daxil edilir.
Nyu-Yorkdakı “Artly Coffee”də robot barista, Nyuark hava limanında isə işçisiz köşk müştəridən bəxşiş istəyib. Portlenddəki “Top Burmese” restoranında isə sifarişi insan qəbul etsə də, yeməyi masaya robot çatdırır.
Bəs robotlara verilən bəxşişi kim götürür?
“The Tipsy Robot” və “Artly Coffee” nümayəndələrinin sözlərinə görə, toplanan bütün bəxşişlər işçilər arasında bölüşdürülür və şirkətlər həmin pullardan pay almır. “Artly Coffee” isə sonradan robotun bəxşiş tələb edən funksiyasını da deaktiv edib.
Lakin ekspertlər hesab edir ki, bütün şirkətlərdə vəziyyət belə olmaya bilər. Lehigh Universitetinin professoru Holona Ochs bildirir ki, bəzi işəgötürənlər robot vasitəsilə toplanan bəxşişləri özləri götürə bilər.
ABŞ-da adi işçiyə verilən bəxşişdən şirkət, sahib və ya rəhbər şəxslərin pay götürməsi qanunla qadağandır. Lakin bəxşişin birbaşa insana deyil, maşına verilməsi hüquqi baxımdan yeni suallar yaradır.
Beləliklə, robotlar xidmət sektorunda insanların yerini tutduqca, müştərilərin qarşısında başqa bir sual da yaranır: ekranda “tip” düyməsini sıxanda, pul həqiqətən kimə gedir?
BBC NEWS
Elmira Ağayeva